“Fevralın 15-də Belqradda Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi. Bu tədbirin nəticələri iki ölkə arasındakı tərəfaşlıq əlaqələrinin iqtisadi və investisiya baxımından yeni mərhələyə qədəm qoyduğunu aşkar nümayiş etdirdi. İclasda çıxış edən cənab Prezident İlham Əliyevin nitqində məhz iqtisadi əməkdaşlıq sahəsinə verilən geniş diqqət göstərdi ki, tərəflər ticarət və investisiya əlaqələrini strateji prioritet kimi müəyyən edirlər. Dövlətimizin başçısı öz çıxışında birgə inşa ediləcək elektrik stansiyasını nümunə göstərərək, iqtisadi əməkdaşlığın yalnız xammal ixracı ilə məhdudlaşmadığını, həm də yüksək əlavə dəyər yaradan layihələr vasitəsilə tərəfdaşlığa çevrildiyini vurğuladı. Bu, enerji sektorunda qazın elektrik enerjisinə çevrilməsi və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı strateji planların reallaşdırılması deməkdir. Eyni zamanda, layihələr Azərbaycandan Serbiyaya və Balkan regionuna texnoloji və iqtisadi təsirin artırılmasını təmin edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra millət vəkili səsləndirilən birgə bəyanatda iqtisadi komissiyaların fəaliyyətinin gücləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılmasının xüsusi qeyd olunmasını önəmli məqam kimi diqqət mərkəzinə gətirib: “Bu mexanizm qarşılıqlı layihələrin sürətli icrasına xidmət edir və investisiyaların şəffaf, effektiv və davamlı olmasını təmin edir. Prezident İlham Əliyev Serbiya rəhbərliyinin aparılan islahatlar nəticəsində sərmayə mühitini cəlbedici hala gətirməsini yüksək qiymətləndirdi və Azərbaycan investorlarının bu imkanlardan yararlanmağa hazır olduğunu bildirdi. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iqtisadi tərəfdaşlığın mühüm elementidir. Azərbaycanın tranzit imkanları və Serbiyanın coğrafi mövqeyi inteqrasiya edilmiş logistik şəbəkənin qurulmasına töhfə verir. Bu isə regional ticarət həcminin artmasına və qarşılıqlı iqtisadi faydanın genişlənməsinə şərait yaradır. Belqraddakı iclas həmçinin iqtisadi əməkdaşlığın davamlılığını təmin etmək üçün qarşılıqlı strateji planların hazırlanmasını vurğuladı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nümayəndə heyətləri razılaşdırılmış məsələləri qısa müddətdə həyata keçirməyə hazır olmalıdır. Bu, tərəfdaşlığın sadəcə sözlə deyil, praktik nəticələrlə təsdiqlənəcəyini göstərir. Nəticə etibarilə, Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının açılışı iqtisadi inteqrasiyanın və investisiya əməkdaşlığının yeni standartını müəyyən etdi. Energetika, nəqliyyat və birgə sənaye layihələri tərəfdaşlığı yalnız iqtisadi deyil, həm də strateji və siyasi baxımdan möhkəmləndirir” – deyə, Novruzəli Aslanov açıqlamasını sonlandırıb.