Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşü yaxın zamanda Ermənistanda keçiriləcək.
Sabahinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Erməni Şurası” Analitik Mərkəzinin eksperti Narek Minasyan İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş dəyirmi masada aparılan müzakirələrin yekunları barədə danışarkən bildirib.
“Nəzərə alsaq ki, əvvəlki görüş Azərbaycan ərazisində olub, çox güman ki, növbəti görüş Ermənistanda keçiriləcək”, - o deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrliyi ilə komissiyaların sonuncu, 12-ci görüşü ötən il noyabrın 28-də Qəbələdə keçirilib./Qafqazinfo