sabahinfo.az femida.az-ın şəhid Sərvan Mehralıyevin evindən hazırladığı reportajı təqdim edir:
02 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər 1997-ci il təvəllüdlü, əslən Xocalıdan olan Mehrəliyev Sərvan 03 aprel, 2016-cı il tarixində Ağdam rayon Ballar kəndində dəfn edilib. Qardaşı Namiq Mehrəliyevlə birlikdə böyüyən, hərbi xidmətə birlikdə gedən və döyüş əməliyyatında da birgə iştirak edən Sərvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər bir Azərbaycanlıya göstərdi. 12 may 2016-cı il şəhidin 40 mərasimi keçirildi. Mərasimdən sonra şəhidin böyüdüyü evdə olduq və ailəsinə başsağlığı verdik. 2 otaqdan ibarət yarımqaranlıq, kiçik, təmirsiz mənzildə şəhidin qardaşı və döyüş yoldaşı olan Namiq Mehrəliyev Sərvan haqqında olan xatirələrini və son döyüşdən söz açdı. İlk olaraq onu qeyd etdi ki, onlara yaxınlıqda olan yeni tikilmiş binada 2 otaqlı mənzil veriblər. Az əvvəl isə anama Sərvanın "İgidliyə görə medalı” təqdim edilib. Daha sonra isə qardaşı haqda danışmağa başladı:
Sərvan Mehrəliyev 1997-ci il iyulun 8-də Ağdam rayonunun Ballar kəndində anadan olub. Mən ondan bir yaş böyük idim. Uşaqlığımız çox çətin keçib. Valideynlərim ayrılandan sonra biz anamın himayəsində yaşamışıq. Anam bizi çox əziyyətlə, zəhmətlə böyüdüb. Biz iki qardaş anamız çox əziyyət çəkməsin deyə 5-6-cı sinifdən dərsdən sonra və tətil günlərində işləməyə başlamışıq. Çətin günlərlə böyüməyimizə baxmayaraq qardaşımla heç zaman şikayətlənməmişik. Hər günümüzü anamla maraqlı keçirmişik. Orta məktəbə Ağdam rayonunda başlamışdıq. Amma 2005-ci ildən isə Pirallahı (Artyom) qəsəbəsinə köçdük.
Yayda bir dəfə dənizə getmişdik. Üzə-üzə sahildən xeyli uzaqlaşdıq. Birdən hər ikimiz boğulmağa başladıq. Ətrafdakı insanlar bizə köməyə gəldilər. Birinci məni sudan çıxartmaq, xilas etmək istədilər. Mən gördüm ki, qardaşım boğulur. Dedim ki, öncə qardaşımı xilas edin. İkimiz də xilas olunduq. Ölümdən qayıtdıq. Mən o zaman çox qorxmuşdum ki, qardaşım boğular. Amma heç vaxt bilməzdim ki, bir gün gələcək və qardaşım qollarımda şəhid olacaq…
Ağdamdan köçəndən sonra orta məktəbi Pirallahıda davam etdirdik. Mən 9-cu sinifdən çıxıb, texnikoma getdim. Amma Sərvan 11-ci sinifi bitirib universitetə imtahan verdi. Ancaq balı çatmadı və texnikoma düşdü. Sarvan universitetdə təhsil almaq istəyirdi deyə texnikoma getmədi. Dedi ki, inşallah hərbi xidmətə gedib qayıdaram, yenidən hazırlaşıb,universitetə qəbul olunaram. Mən texnikomda oxuduğum üçün bir il hərbi xidmətə gecikdim. Sonrakı il biz iki qardaş eyni vaxtda hərbi xidmətə çağırıldıq və bir hərbi hissədə xidmət etməyə başladıq. Beyləqan rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edirdik. Əsgərlikdə biz həm qardaş, həm də dost idik. Bütün əsgər yoldaşlarımız, komandirlərimiz bizi çox sevirdi. Bizim çox yaxşı komandirlərimiz, zabit və gizir, əsgər yoldaşlarımız var idi. Hərbi xidmətdə fərqləndiyi, nizam–intizamlı olduğu və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyi üçün Sərvan bir neçə dəfə təşəkkürnamə, fəxri fərmanlar almışdı. 10 ay birlikdə xidmət elədik.
Şəhidin qardaşı döyüşlərin başladığı gecədən danışır...
Aprelin 2-də səhər 9-10 radələrdində döyüş başladı. Sərvan dedi ki, qaqa qorxmursan? Mən də dedim, niyə qorxum ki. İllərdir bu günü gözləmirdikmi? Onda Sərvan yenidən mənə dedi ki, qaqa hazırsan əmimizin qisasını ermənilərdən almağa? Məndə dedim, əlbəttə hazıram. Bizim əmimiz və xalamızın yoldaşı da I Qarabağ müharibəsində şəhid olub. Bundan sonra Sərvan dedi : "Qaqa bilmək olmaz nə olacaq, əgər mənə nəsə olsa, anamı qoymayın çox ağlasın. Anamı hər zaman qoru”. Mən də dedim ki, mən şəhid olsam, anamdan muğayat ol, onu tək qoyma, ağlamağa qoyma. Beləcə biz bir-birimizə vəsiyyət eləyərək, bərk-bərk qucaqlaşdıq. Bir-birimizi öpdük. Sonra Sərvan bir neçə dəqiqəlik harasa getdi. Onun hara getməyini isə şəhid olduqdan sonra bildim. Sərvan sevdiyi qıza məktub yazmaq üçün gedibmiş...
Ermənilər məni də başımdan vurdu.Qoruyucu papaq tamamilə dağıldı...
Aprelin 2-də ağır döyüşdən sonra günortaya yaxın Lələ Təpə alındı. Mən qumbara atan idim. Sərvan da köməkçim idi. Biz düşməni görən kimi vururduq. Onların gizlənib atəş açdıqları bütün mövqeləri təyin edərək dağıdırdıq. Ermənilərin çoxlu atəş açdığı bir yeri vuranda Sərvan uşaq kimi sevindi. Dedi, "qaqa, yəqinki, məhv elədin onları, belə də davam elə. Əmimin qisasını, digər şəhid qohumlarımızın qisasını alacağıq”. Ermənilərin mövqeyi çox əlverişli idi, bütün növ silahlardan atırdılar və onlardan azad etdiyimiz yüksəkliyi yenidən ələ keçirmək istəyirdilər. Güllələr yağış kimi başımıza yağırdı. Onların snayperləri gizlənmişdi və bizi çox güclü atəşə tutmuşdular. Orada göbələyə oxşar dəmir var idi. Ermənilər dayanmadan həmin yeri vururdular. Sursatlar qurtarırdı. Elə oldu ki, sursat gətirməli olduq. Çünki, biz düşmənin qarşıdakı atəş nöqtələrini susdurmasaq azad etdiyimiz yerlər yenidən işğal edilə və çoxlu şəhid verə bilərdik. Ona görə də təcili sursat gətirmək lazım idi. Məndən sursat istədilər. Mən birtəhər özümü qoruya-qoruya arxaya getdim və sursat götürdüm. Qayıdıb sursatı keçirdim, həmin vaxt snayperlə başımdan vurdular. Amma başımdakı "kaska” məni qorudu və güllə başımdan azca yaraladı. Başımdakı qoruyucu "kaska” tamam dağılmışdı. Həmin dəqiqə komandir özünü üstümə atdı və məni tutub səngərə çəkdi. Tez başımı yoxladı və gördü ki, çox yüngül yaralanmışam. Qucaqlayıb, üzümdən-gözümdən öpdü məni, dedi: "Halal olsun əsgər sənə. Təhlükəsiz yerdə dincəl biraz. Başını da qaldırma.” Sonra yenə sursat azaldı və qabaqdakılara sursat çatdırmaq lazım idi. Sərvan sursat gətirmək üçün getdi. Sursatı gətirdi, atdı yerə.
Qardaşım qucağımda şəhid oldu...
Uzanmaq istəyəndə, necə oldusa birdən snayperlə başından vurdular. Güllə elə yerdən dəymişdi ki, "kaska” qoruya bilməmişdi. Alnından vurulmuşdu. Hardasa aramızda 20-30 metr məsafə olardı. Tez özümü atdım onun yanına, qardaşımın başını qucağıma aldım. Özümü itirmədim, cibimdən bint çıxardıb tez onun başını sarıdım. Yaxınlıqdakı gizirlərdə gəldilər və "bulyo”larını cırıb, qardaşımın yarasını sarımağa kömək etdilər. Dedilər ki, Mehrəliyev səbr elə, qardaşın yaşayacaq. Narahat olma. Amma düşmənin snayperləri bizi dayanmadan atəşə tuturdu deyə biz həmin vaxt qardaşımı oradan çıxarda bilmədik. Onlar yaxşı mövqe götürüb, oradan atəş açırdılar. Amma buna baxmayaraq biz onları məhv elədik orada. Biraz gözləməli olduq. Sonra komandir dedi ki, qardaşların biri vurulub, o birini qoruyun, onları sağ-salamat burdan çıxardın. Gizir var idi, o gəldi və qardaşıma dedi ki, "sən mənim balaca qardaşımsan, sağ qalacaqsan, səni ölməyə qoymayacam. İndi özüm burdan çıxardıb, qospitala çatdıracam”. Qardaşım həmin vaxt danışa bilmirdi. Gizir qardaşımı oradan çıxardanda arxadan ayağından vuruldu. Ayağından vurulmasına baxmayaraq, yaralı ola-ola qardaşımı yenə də 100 metrə qədər apardı. Amma həmin gizir ayağındakı yarasından o qədər qan itirmişdi ki, artıq taqəti qalmamışdı. Dedi ki, "məni bağışlayın. Daha gedə bilmirəm. Sərvanı buradan tez çıxardın”. Ermənilər də həmin vaxt həm minamyotlarla, həm də snayperlərlə güclü atəş açırdı. Yanımdakılar xərək gətirməyə getdilər və məndə qardaşımın yanında qaldım. Ermənilər elə yerdə idi ki, bizim tərəfdən yaxınlaşanlara güclü atəş açırdılar. Bizdə həmin yerləri yeni azad etmişdik deyə, tam möhkəmlənə bilməmişdik. Ona görə də onları tamamilə susdurmaq mümkün olmurdu. Biraz sonra qardaşım çün xərək gətirmək mümkün oldu. Amma artıq gec idi. Qardaşım şəhid olmuşdu. Zabitlərin köməyilə qardaşımı xərəyə qoyub öz tərəfimizə getməyə başladıq. Öz tərəfimizə çatmağa hardasa 100 metr qalmış yaxınlığımıza minamyot düşdü. Yaxşı ki onda heç kim yaralanmadı. Qardaşımı öz səngırimizə gətirdik. Soruşdular ki, nə olub? Zabitlər dedi ki, qardaşların biri vurulub, şəhid oldu. Orada çoxları pis oldu. Dedilər ki, bəs Mehrəliyevi qardaşıyla birlikdə arxaya göndərmək lazımdır. Mən o cür mərd komandir, zabit, gizir və əsgərlərlə birlikdə, döyüşdüyüm üçün həmin an fəxr etdim. Onlar bizdə elə döyüş əhval-ruhiyyəsi yaratmışdı ki, onların arxasından geri qayıtmaq utancverici olardı. Komandirlər və oradakı zabitlər bizə elə qayğı göstərirdi, bizi elə yaxşı təlimatlandırırdı ki, heç bir əsgər qorxmurdu. Orada hamı kişi kimi döyüşdü. Heç kim qanından, canından qorxmadı. Komandir gəlib mənə dedi ki, Sərvanın qanını aldım. Qisası ermənidə qoymadım. Mən qardaşımla çıxandan sonra döyüşçü yoldaşlarım və komandir ermənilərn bütün atəş nöqtələrini darmadağın edib, çoxlu ermənini məhv etmişdilər.
O şəhid olmamışdan qabaq sevdiyi qıza məktub yazdı və cibinə qoydu...
Sərvan şəhid olduqdan sonra döyüşdən qabaq yazdığı məktubu tapdılar. Məktub onun cibində idi. Məktubu mənə verdilər. Yadıma düşdü ki, Sərvan döyüşdən qabaq harasa getmişdi və qayıdanda demişdi: "qaqa cibimdə məktub olacaq, içində kimə veriləcəyini yazmışam”. Amma mən ondan bir yaş böyük olduğum üçün yəqin ki, məndən utandı və məktubda nə yazıldığını demədi. Oxudum və cibimə qoydum ki, Bakıya gedəndə ünvanına çatdırım. Amma bilmirəm necə oldu, harada düşdü. Məktubu sonradan cibimdə tapmadım. Mən həmin vaxt elə pis vəziyyətdə idim ki. Anama necə deyəcəyimizi, bundan sonra qardaşsız necə yaşayacağımı düşündükcə dəli kimi olmuşdum. Hər şey yuxu kimi gəlirdi. Qardaşımın artıq olmadığına inanmaq istəmirdim. Biz bir-birimizə hələ uşaqlıqda söz vermişdik. Hər zaman birlikdə olacaqdıq, anamı ağlamağa qoymayacaqdıq. Böyüyüb işləyəcəkdik, anam daha işləməyəcək, əziyyət çəkməyəcəkdi. Amma Sərvan vətəni anamdan da, məndən də çox sevirmiş. Vətən uğrunda şəhid olmağı seçdi. Sərvanın dəfnindən sonra Bakıya qayıtdıq və mən gedib onun sevdiyi qızı tapdım. Sərvanın vəsiyyətinə əməl edərək, onun sözlərini həmin qıza çatdırdım...
Mən öz qardaşımla fəxr edirəm. O, kişi kimi döyüşdü, igidlik göstərdi. Onun gətirdiyi sursatla Komandirlərimiz irəli atıldı, çoxlu erməni və texnika məhv etdilər. Mən fəxr edirəm ki, Azərbaycan ordusun əsgəriyəm. Torpaq uğrunda canımdan keçməyə hazıram. Mən də qardaşım Sərvan kimi şəhid olmaq istəyirəm.”
Sərvanın sevdiyi qıza son məktubunda yazdıqları : "Salam əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam məktubu qardaşıma verin. Qardaşım da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bugün nəsə ürəyim rahat deyil. Ona görə də yenə sənə məktub yazıram. Əgər sağ qalsam özüm sənə qayıdacam. Sən bilirsən ki, mən vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünki döyüş çox fərqlidir. Sağ qalsam, məktubu yenə cıracam. Əgər şəhid olsam, qadası, bil ki mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən Sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da, hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sərvan yoxdur. Sərvanın ruhu həmişə sənin yanında olacaq”.
Sərvanın xalası oğlu və dayısı oğlu onun çox fərqli olduğunu, qohumcanlı olduğunu dedilər. Onların xatirində Sərvan səmimi, mərd, qorxmaz, vətənpərvər bir igid kimi daima yaşayacaq. Sərvanın ən böyük arzusu Xocalının işğaldan azad olması, yenidən ora qayıtmaq idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin...Vətən sağ olsun !