Uelsin Llanelli şəhərində 2011-ci ildə uzun müddət baş ağrısından 
şikayət etdikdən sonra dünyasını dəyişən qızın ölümünün əsl səbəbi 
açıqlanıb. Publika.az xarici mediaya istinadən xəbər verir ki, 19 
yaşındakı Samanta Levisin saqqız çeynəmə vərdişinin qurbanı olduğu 
bildirilir. Ailəsinin gənc qızın "təbii səbəblər”lə öldüyü barədə 
mütəxəssis rəyi ilə razılaşmamasından sonra Suonsi məhkəməsi istintaqa 
başlayıb. Qızın cəsədi yarılıb və mədəsində saqqızdan ibarət böyük 
kütlələr aşkarlanıb. Bildirilib ki, saqqız kütlələri əhəmiyyətli mineral
 və vitaminlərin bədənə yayılmasının qarşısını alıb və bu da ölümün 
səbəbi olub. Levisin 45 yaşındakı anası Mariya Morqan məhkəmədə verdiyi 
ifadəsində qızının gündə ən az 14 ədəd "Trident” markalı saqqızı 
çeynəyərək udduğunu deyib. "Ölümündən sonra qızımın əşyalarını 
araşdırdım, hər yerdə saqqız paketləri və saqqız aldığını göstərən 
qəbzlər tapdım”, - anası qeyd edib. İstintaqda ifadə verən patoloq gənc 
qızın duz, maqnezium və kalsium çatışmazlığı səbəbilə beynində yaranan 
şiş nəticəsində öldüyünü söyləyib. Bu vaxta kimi heç kimin saqqız 
çeynədiyi üçün ölmədiyini deyən mütəxəssis saqqızdan istifadənin ölüm 
səbəbləri arasında olduğunu vurğulayıb.