Sosial evlərə sahib olmaq istəyənlərin mayın 1-dən elektron müraciət edə biləcəkləri açıqlansa da, hələlik vətəndaşlar gözləmə mövqeyindədirlər.
Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətindənmodern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərəncamda olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.
Ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil" sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.
Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin aşağıdakı kateqoriyaları üzrə qruplaşdırılıb.
Bunlar gənc ailənin üzvü olan şəxslər: şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır.
Qeyd edək ki, gənc ailə üçün yaş həddi 35-dir.
Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər.