22-25 sentyabr 2016-cı il tarixlərində Tbilisi şəhərində Gürcüstan Respublikası Elm və Təhsil Nazirliyi, Gürcüstan Texniki Universitetinin T.Mirsxulava adına Su Təsərrüfatı İnstitutu və "Ətraf mühit üzrə Ekomərkəz"in birgə təşkilatçılığı ilə "Su təsərrüfatının müasir problemləri, ətraf mühitin qorunması, memarlıq və inşaat” mövzusunda 6-cı beynəlxalq elmi-texniki konfrans keçirilib.
Sabahinfo.az xəbər verir ki, konfransda iştirak etmək üçün "Azərsu” ASC-nin "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Fərda İmanov və institutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Rəşail İsmayılov Gürcüstan Respublikasına ezam olunublar.
Müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi tədbirdə ölkəmizi "Azərsu” ASC ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universitetinin alim və mütəxəssisləri təmsil ediblər.
Konfransda Fərda İmanov "Çayların ekoloji axımı və onun müəyyənləşdirilməsinin hidroloji metodu”, Rəşail İsmayılov isə "Kür çayının müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər.
Beynəlxalq həmçinin transsərhəd su problemləri, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, ətraf mühitin mühafizəsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.