Sürücülər üçün xəbər var

Sığorta şirkətləri ödənişdən boyun qaçıra bilməyəcəklər. Çünki onlara bu imkanı yaradan səlahiyyət ləğv olunub.

Söhbət sığorta şirkətlərinin avtomobil qəzaları ilə bağlı yol polisinin təqdim etdiyi protokoldan şikayət hüququnun ləğv edilməsindən gedir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermə hüququ olan şəxslərin siyahısında sığorta şirkətləri qeyd edilməyib.

Bu barədə Konstitusiya Məhkəməsinin şərhi sığorta şirkətlərini çətin vəziyyətə salıb.

Mütəxəsislər deyir ki, bu dəyişiklik sürücülərin işinə yarasa da sığorta şirkətlərinin işini çətinləşdirəcək.

Sürücülərin isə dəyişiklə bağlı öz arqumentləri var.

Sığorta eksperti Daşdəmir Niftəliyevin sözlərinə görə, belə problemlər əsassız və qanunsuz ödənişləri artıracaq. Digər tərəfdən hadisələrin araşdırılmaması, sığorta saxtakarlıqlarının sübut olunmaması bu sahədə dələduzluq hallarının artmasına gətirib çıxara bilər.

Daşdəmir Niftəliyev bildirib ki,vəziyyətin belə davam etməsi nəticədə sığorta şirkətlərinin müflis olmasına və on il əvvəlki səviyyəyə qayıtmasına səbəb ola bilər. Əgər əvvəllər sığorta fırıldağı il ərzində 20-25 faiz təşkil edirdisə, bu vəziyyət onun artmasına səbəb ola bilər.