Tıxaclardan bu yolla xilas ola bilərik

Artıq payız qapımızın astanasındadır. Sentyabrın 22-də yay fəsli rəsmən bitəcək. Payızın sərin nəfəsi ilə yanaşı, şəhərimizdə tıxacların artımı da müşahidə olunur. Yeni dərs ilinin açılmasından sonra şəhərdə tıxacların daha da artacağı heç kimdə şübhə doğurmur. Belə bir ərəfədə sağlam həyat tərzinə üstünlük verən vətəndaşlarımız yeni təşəbbüsdə bulunublar.

Facebook sosial şəbəkəsində şəxsi avtomobildənsə, velosipedə üstünlük verilməsi ilə bağlı müzakirələr başlanıb. Şəbəkə istifadəçiləri qeyd edirlər ki, sentyabr ayı daha çox velosiped istifadəsi üçün ən uyğun aydır. Payız aylarında havanın nə həddən artıq isti, nə də həddən artıq soyuq olması imkan verir ki, daha çox ikitəkərli nəqliyyat vasitələrindən istifadə edilsin.

Təşəbbüs olduqca maraqlıdır. Əgər insanlarımız şəxsi avtomobil əvəzinə velosipeddən istifadə etsələr, həm öz sağlamlıqlarının qeydinə qalar, həm də ki, ekologiyamızın az çirklənməsinə şərait yaratmış olarlar.

Amma məsələnin problemli tərəfi də var. Şəhərdə çalışan insanların heç də hamısı Bakının özündə yaşamır. Şəhərin mərkəzində çalışmağa gələnlərin böyük qismi Bakıətrafı qəsəbələrdən və Sumqayıt şəhərindən gəlir. Sözsüz ki, uzaq məsafəni hər gün velosipedlə qət etmək elə də asan deyil.

Milli.Az-a məktub yazan Nəsimi adlı oxucu Sumqayıt şəhərində yaşadığını qeyd edir. Onun sözlərinə görə, işə velosipedlə gəlmək istəyən Sumqayıt sakinlərinin bu istəklərini reallaşdırmaq mümkündür. Çünki hər gün Sumqayıtdan Bakıya müasir və gözəl sürətli qatarlar hərəkət edir. Velosipedlə vağzala qədər gələrək orada ikitəkərli nəqliyyat vasitəsini qatarla Bakıya gətirmək, buradan da yola davam etmək olar. Lakin Azərbaycan Dəmir Yolları idarəsinin buna icazə verib-vermədiyini dəqiq bilmir.

Oxucumuz bu məsələni araşdırmağı xahiş edib. Biz də öz növbəmizdə oxucumuzun xahişini yerə salmadıq. Nəsimi bəyin sualını olduğu kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədova yönəltdik.

Nadir Əzməmmədov əməkdaşımıza bildirdi ki, sərnişin qatarlarında yüklərin daşınması üçün qurumun təlimatları var. Bu təlimatlara əsasən, sərnişin velosipedini qatarla bir şəhərdən başqa şəhərə daşıya bilər. Amma ki, bu daşınmanı məhdudlaşdıran məsələ var.

"Təlimata əsasən, daşınması mümkün olan qatlanan velosipedlərdir. Velosiped qatlanaraq xüsusi çantaya qoyulur. Sonra isə qatarın yük yerinə yerləşdirilərək daşınır", - o əlavə edib.

Əgər oxucumuzun velosipedi qatlanan deyilsə, bir qədər xərcə düşərək başqasını alması gərəkdir.