İyun ayı olmasına baxmayaraq, son günlər yağan yağışlar kənd təsərrüfatına ciddi zərər verib. Meyvələrin və tərəvəzlərin çıxması ərəfəsində düşən dolu kəndliləri pis vəziyyətdə qoyub. Şəki, Ağdam, Samux rayonlarında bu cür hadisələr qeydə alınıb, əkin sahələrində müxtəlif bitkilər məhv olub.
Sabahinfo.az musavat.com-a istinadənbildirir ki, dəyən ziyanı müəyyənləşdirmək üçün komissiya yaradılıb. Lerikdə yağan yağış və dolu zamanı isə biçilərək 500-600 pres yığılmış ot yararsız vəziyyətə düşüb. Bundan başqa, kartof sahələrinə, meyvə ağaclarına da ciddi ziyan dəyib. Daşkəsən, Tovuz, Gədəbəydə də kartof sahələrinə ziyan dəyib. Yağış və dolu Yardımlı, Qazax və digər rayonların kənd təsərrüfatına da ciddi təsir edib.
Rayon icra hakimiyyətlərinin nəzdində yaradılan komissiyaların kənd təsərrüfatlarına dəyən ziyanı müəyyənləşdirib fermerlərə kompensasiya ödəyəcəyi deyilir. Ancaq kənd təsərrüfatına dəyən ziyan bu il meyvə və tərəvəzlərin qiymətini artıra bilər. Çünki kənd təsərrüfatı məhsullarında qıtlıq yarana bilər. Bir çox ölkələrdə dolunun kənd təsərrüfatına ziyan vurmasının qarşısını almaq üçün dolu dağıdan toplardan istifadə edilir. Bu praktikadan hətta Ermənistan və Gürcüstanda istifadə edilir. Sovet dövründə Azərbaycanda da bundan istifadə edilirdi. Atmosferin dolu yaranan hündürlüklərinə "Qrant" adlı raketlərdən atəş açılaraq temperatur süni qaldırılıb, nəticədə dolular suya çevrilib və yağış yağıb.
Azərbaycanda da doludağıdan toplar olub. Lakin müstəqilliyin ilk illərində bu toplar "yoxa çıxıb". Məsələ ilə bağlı bu günlərdə virtualaz.org saytına açıqlama verən kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov əksər ölkələrinbu üsuldan istifadə etdiyini deyib: "Dünyanın əksər ölkəsində dolunu bu üsulla neytrallaşdırırlar. Sovetlər dönəmində Azərbaycanın doludağıdan topları olub. Lakin Qarabağ müharibəsində bu toplardan istifadə edildi, sonradan isə bu avadanlıq tam sıradan çıxdı. Azərbaycan doluvuran toplar, raket almır. Amma Ermənistan son bir neçə ildə Avropa ölkələrindən müasir standartlara uyğun 273 ədəd doluvuran top alıb".
V.Məhərrəmov deyir ki, Azərbaycan qonşu ölkələrin təcrübəsindən istifadə etmir: "Dolu təsərrüfatlara ziyan vurur. Məsələn, may ayında yağan dolu nəticəsində kartofun məhsuldarlığı ən azı 70 faiz azalıb. Onsuz da yerli istehsal hesabına ölkə əhalisinin kartofa olan tələbatının yalnız 60 faizi ödənilirdi. Məhsuldarlıq aşağı düşəndən sonra xaricdən gətirilən kartofla tələbatı ödəməyə çalışacaqlar. Xaricdən gətirilən kartof isə əsasən texniki sort olur", - deyə Məhərrəmov əlavə edib.
Ekspert onu da qeyd edir ki, iqlim dəyişikliyi ilə bağlı hökumətə təkliflər verilib. Həmin təkliflərin biri də doludağıdan topların alınması olub: "Bu toplar xüsusi ərazilərdə quraşdırılmalıdır. Son illər kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmazlığı müşahidə edilir. Bu topları çalışdıran mütəxəssislər hazırlanmalıdır".
V.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın istənilən qədər doludağıdan top və ya raketlər almağa imkanı var.