Oktyabrın 26-da Türkiyənin tanınmış aktrisaları Serenay Sarıkaya və Zerrin Tekindor rol aldıqları filmin Bakıda keçirilən qala gecəsində iştirak ediblər.
sabahinfo.Az xəbər verir ki, Serenay Sarıkaya və Zerrin Tekindorun çəkildikləri "İkimizin yerine” filminin təqdimatı Nizami Kino Mərkəzində baş tutub.
Filmi tamaşaçılar ilə izlədikdən sonra aktrisalar onlara ünvanlanan sualları cavablandırıblar. Hər iki türk aktrisası paytaxt Bakı haqqında təəssüratlarını da dilə gətiriblər:
"Bakıya ilk dəfədir gəlmişəm. Çox xoşbəxtsiniz ki, belə gözəl şəhərdə yaşayırsınız. Yeməkləriniz də çox dadlıdır”.
Beş həftəlik çəkiliş nəticəsində ərsəyə gələn filmdən danışarkən Serenay Sarıkaya deyib:
"Düşünürük ki, filmi hər kəs bəyənəcək. Bu film Nejat İşlerlə ikinci layihəmizdir. Onunla işləməkdən zövq aldım. Filmdə özüm də mahnı ifa etmişəm. Müğənni olmaq fikrim yoxdur, amma gələcəkdə bu barədə düşünə bilərəm. "İkimizin yerine” sərt bir hekayənin üzərində qurulub. Ən çətin anları filmdə anamla olan dialoqum zamanı yaşamışdım. Çünki həmin hissə ssenarinin ən ağır kadrlarıdır. Acılar insanları daha da möhkəmləndirir və nəticə çıxarmağa çalışırsan”.