Türkiyənin İzmit şəhərində Xocalı Şəhidləri Abidəsinin açılışı olub.
İzmit şəhərinin Yenişəhər məhəlləsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ucaldılan abidənin açılışında əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə açılış sözünü Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədri Bilal Dündar edib. Çıxış zamanı o, iki ölkə arasındakı əlaqələrdən, eləcə də Xocalıdakı qırğından söz açıb.
Daha sonra Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan və başqaları çıxış ediblər.
"Xocalı qətliamında barmaq qaldıranlar qaranlıq dünyalarında qalacaqlar. Biz böyük türkiyə olmaq yolunda irəliləyirik. Bu da bəzilərini narahat etməyə bilmir. Lakin onlar Türk millətinin bu böyük yürüyüşünə kölgə sala bilməyəcəklər. Bizi erməni soyqırımı ilə suçladılar. Halbuki elə işlərə imza atmamışıq”, - deyə N.Doğan çıxışında səsləndirib.
Qeyd edək ki, mərasimdə hər iki ölkənin rəsmi şəxsləri, elm və sənət adamları, QHT rəhbərləri və KİV təmsilçiləri iştirak ediblər.