"Məqsəd Türkiyəni cənubdan sıxışdırmaqdır”.
Sabahinfo.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Türkiyədəki Bayırbucak Yardımlaşma Dərnəyinin fəxri başqanı, keçmiş millət vəkili Mehmet Şandır deyib. Suriyanın türkmən bölgələrindəki durumu şərh edən M. Şandır bildirib ki, 1 yanvar 2016-cı ildə BMT-nin nəzarəti altında başlayacaq olan atəşkəs ərəfəsində nusayrilərə və Əsədə yaxın qüvvələrə yer açmaq üçün Rusiyanın geniş dəstəyi ilə türkmən bölgələri boşaldılmağa çalışılır: "Bayırbucak bölgəsində türkmənlərə qarşı rəsmən etnik təmizlik əməliyyatı aparılır. Mövcud vəziyyəti fürsət bilən qüvvələr öz qruplarını türkmənlərdən boşalan bölgələrə yerləşdirirlər ki, sabah atəşkəs olanda oranı öz əllərində saxlasınlar. Çünki ölkədə sülh yaranandan sonra kim haradadırsa, deyəcək ki, bura mənimdir. Burada əsas məsələ Türkiyənin təhlükəsizliyi məsələsidir. Türkiyəni idarə edənlər bunu görməli və lazımi addımları atmalıdırlar”.
"Türkiyə türkmənlərin öz bölgələrini tərk etməmələri üçün lazımi addımları atırmı?” - sualına M. Şandır belə cavab verib: "Dünən baş nazirin başqanlığında 40 dəqiqəlik təhlükəsizlik toplantısı keçirildi. Məsələ açıq-aşkardır: Lazkiyənin şimal tərəfindəki türkmən bölgələrini boşaldırlar, sabah eyni şeyi Hələbin şimal bölgələrində edəcəklər. Burada əsas məqsəd Türkiyəni cənubdan sıxışdırıb, Suriyanın gələcəyində söz sahibi olmaqdan məhrum etməkdir. Yanlış xarici siyasət Suriyadakı türkmənlərin durumunu içindən çıxılmaz hala gətirib. İnanıram ki, Türkiyəni idarə edənlər ölkənin cənubdan sıxışdırılması təhlükəsini görərək lazım olan bütün addımları atacaqlar”.
Qeyd edək ki, Mehmet Şandır 1999-2002 və 2007-2015-ci illər arasında Milliyyətçi Hərəkat Partiyasının Mersin millət vəkili və partiyanın parlament fraksiyası sədrinin müavini olub.