"Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün müəyyənləşmiş yeni vergi güzəştlərinin tətbiq olunması, Prezident İlham Əliyevin şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin bariz nümunəsidir".
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib. Onun sözlərinə görə, şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması cənab Prezidentin yürütdüyü siyasətin ana xəttini təşkil edib.
“Vergilər Məcəlləsinə edilən son dəyişiklik hər şeydən öncə dövlətin şəhid ailələri və qazilərə qayğı və diqqətinin növbəti təzahürüdür. Bu dəyişiklik Vətən müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsinə, onların sosial müdafiəsinin güclənməsinə xidmət edir”, - o qeyd edib.
Deputat əlavə edib ki, dövlətimiz bu günə qədər şəhid ailələrinin, o cümlədən müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və çoxşaxəli addımlar atıb: “Şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunub ki, bu da dövlətimizin bu kateqoriyadan olan şəxslərə hansı miqyasda diqqət göstərdiyini əks etdirir.
Vergi Məcəlləsinə edilən son dəyişiklik isə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Məcəlləyə edilən dəyişikliyin diqqət çəkən xüsusi məqamı ondan ibarətdir ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılan zaman Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulurdusa, müzakirələr zamanı edilən təkliflərdən sonra bu miqdar iki dəfə artırılaraq 20 000 manata qaldırıldı. Vergi güzəştləri həm də bu günə kimi qazi və şəhid ailələrinə göstərilən dəstəyin bariz nümunəsi hesab oluna bilər. Vergi güzəştləri və dövlətin sosial siyasətinin eyni zamanda böyük mənəvi əhəmiyyəti var. Bu həm də dövlətin qəhrəman oğullarına ehtiramın göstəricisidir”.