“Bu ərazilər Azərbaycanındır” – Qarabağda son olaylar

Azərbaycanlı ekoloqların Xankəndidən sonra Xocalıya səfər etmələri Azərbaycan dövlətinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə dövlət maraqlarının müdafiəsi baxımından atdığı ilk belə addım deyil.

Belə ki, bundan öncə “Azəriqaz”ın əməkdaşları da həmin bölgədə fəaliyyətlərini davam etdiriblər. Yaxud “Azərişıq”ın Xankəndi yaxınlığındakı Kərkicahan yarım-elektrik stansiyasındakı bərpa-quruculuq işlərini bu qəbilə daxil edə bilərik.

Ekoloqlarla başlayan siyasətimiz daha hansı formada davam edə bilər?

Yenisabah.az-la fikirlərini bölüşən Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib ki, Azərbaycan bu ərazilərin özünə aid olduğunu bununla bir daha sübut etmiş oldu:

“Bilirsiniz ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri Xankəndi və Xocalıya üz tutublar. Beləliklə, biz dünyaya bir daha sübut etmək istəyirik ki, bu ərazilər Azərbaycanındır. 

Həmçinin, nəzərə alınmalıdır ki, ermənilər bu ərazilərdə qeyri-qanunu yollarla məskunlaşmış və Azərbaycanın təbii sərvətlərini daşımaqla məşğul olublar”.

Millət vəkili qeyd edib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə əldə etdikdən sonra Qarabağda yaşayan ermənilərin Ermənistanla gediş-gəlişini asanlaşdırmaq məqsədilə onlara koridor verib:

“Daha sonra biz yeni yolun çəkilişin həyata keçirməklə koridoru yolla əvəz etmişik. Bundan sonrakı mərhələdə Azərbaycan tərəfinin əzəli və əbədi Qarabağ torpağında – baxmayaraq ki, burada ermənilər yaşayır – bizim hüquqi hakimiyyətimiz bərpa olunmalıdır”.

Müsahibimiz hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bu ərazilərə getməsi ilə bərabər gələcəkdə “Azəriqaz”, “Azərsu”, “Azərişıq”ın da işçiləri bu prosesə qoşulmalıdır:

“Biz Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda da bu işləri davam etdirməliyik. Beləliklə, dünyaya bir daha çatdıracağıq ki, bu ərazilər həqiqətən də Azərbaycana məxsusdur. 

Əgər biz qeyd ediriksə, bu ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşı olduqdan və Azərbaycanın qanunlarını qəbul etdikdən sonra onların problemləri dövlətimiz tərəfindən həll ediləcək, onda bu ərazilərə Azərbaycanın hakimiyyət orqanlarının, xüsusən də kommunal sahəyə baxan, təbii sərvətlərlə məşğul olan rəhbərlərin üz tutması olduqca müsbət haldır. Bu səfərlər gələcəkdə də davam etdirilməlidir”.

Digər bir deputat Arzu Nağıyev də vəzifədaşı ilə həmfikir olub. O, əlavə edib ki, sözügedən ərazilərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri ilə paralel olaraq, “Azərgold” cəmiyyətinin nümayəndələri də iştirak edib:

“Əsas məsələ təbii yeraltı və yerüstü sərvətlərimizin monitorinqinin aparılmasıdır. Çünki bu ərazilər Azərbaycana məxsusdur. 

Digər qurumların da bu istiqamətdə atacağı addımlar labüddür. Baxmayaraq ki, əvvəllər sülhməramlı qüvvələr buna mane olmağa çalışırdı, lakin onların əsas missiyası mandatlarına uyğun olaraq, münaqişəli iki tərəfin arasında durmaqdır”.

Milli Məclis üzvü düşünür ki, hansısa nümayəndə heyətinin öz ərazisinə baş çəkməsi heç kimə dəxli olmayan bir məsələdir:

“Necə ola bilər ki, İran vətəndaşlarının əksəriyyətini həmin ərazilərə buraxırlar, Azərbaycana gəldikdə isə mübahisə yaranır?! Bu, heç zaman olmayacaq! Qarabağ Azərbaycandır, birmənalı şəkildə biz öz torpaqlarımıza qayıdırıq və hər bir nazirliyin qurumların və agentliklərin orada iştirakına heç kim mane ola bilməz. 10 noyabr sazişinə əsasən, qeyri-qanuni qurumlar oranı tərk etməlidir. 

Onların heç bir statusu yoxdur. Xankəndi də, Xocalı da və digər rayonlar, kəndlər də Azərbaycandır!”