Bu il fevral ayının 26-da Xocalı faciəsinin törədilməsindən 32 il keçir. Soydaşlarımızın məruz qaldığı, XX əsrin faciəsi adlandırdığımız bu soyqırım Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının işğalı zamanı törədilmiş ən böyük cinayətlərdən biridir. Düz 32 il əvvəl, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının da iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmişdir. Həmin gün Xocalının erməni işğalına məruz qaldığını görüb şəhəri tərk etməyə çalışan əhaliyə qarşı törədilmiş hücumun məqsədi onları qorxutmaq və ya şəhərdən çıxarılmasını təmin etmək deyildi, bu hücumun məqsədi məhz əhalini məhv etmək, etnik təmizləmə aparmaq idi. Şəhəri tərk etməyə çalışan insanlar pusquya salınaraq erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirilmiş, onların bir qismi isə əsir götürülmüşdür. Bu dəhşətli cinayət nəticəsində 613 dinc sakin yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür, 150 əsir götürülmüş şəxsin taleyi hələ də məlum deyil. Xocalı şəhərinin özü isə işğal nəticəsində sözün əsl mənasında xarabalığa çevrilmişdir. Beləliklə də, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli, qanlı və qəddar beynəlxalq cinayətlərdən biri olan soyqırım cinayəti növbəti dəfə ermənilər tərəfindən azərbaycan xalqına qarşı törədilmişdir.
Çox təəssüf ki, xalqımız da bu qanlı cinayətə əvvəllər də məruz qalmışdır. Çünki XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olmuşdur. Ermənilərin azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam etmiş və sonda torpaqlarımızın itirilməsi ilə nəticələnmişdir.
“Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəktlərdir. Yəni soyqırım cinayəti üçün bu xüsusi niyyətin olması zəruri element sayılır və məhz bu əlamət onu digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. 1992-ci fevral ayının 26-da Xocalı şəhərində törədilmiş cinayətlər öz xarakteri və ağırlığına görə bu anlayışa tamamilə uyğun gəlir. Həmin gün erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmişdir. Hərbi statusu olmayan, silahsız mülki əhalinin, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırım niyyətini sübut edir.
Xocalı faciəsinə hüquqi qiymət vermək üçün hadisə yerində olmuş xarici və yerli jurnalistlərin baş vermiş vəhşiliklər haqqında yazdıqları və lentə aldıqları kadrlar, eləcə də erməni siyasi xadimlərinin hadisə ilə bağlı səsləndirdiyi fikirlər bu dəhşətli cinayətin sübutudur. Lakin təəssüflər olsun ki, 30 ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməmiş və faciəyə görə heç bir ciddi sanksiyaya məruz qalmamışdır.
Dövlət səviyyəsində isə Xocalı soyqırımının tanınması və hüquqi qiymət verilməsi Ulu Öndərimizin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamında isə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Ümumiyyətlə, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Nəticədə Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır və həmin fərmanda 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı aktı da xüsusilə vurğulanmışdır.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Faciənin il dönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində 2008-ci ildə başlanılmış “Xocalıya Ədalət” kampaniyasının əhəmiyyəti olduqca böyükdür. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir.
Bu qətiyyətli siyasi mübarizə öz nəticəsini göstərmişdir. Belə ki, Xocalı soyqırımı artıq bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək Xocalı hadisəsi ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınmışdır. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İslam Əməkdalıq Təşkilatının İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıblar. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir. Bu gün də çox saylı dünya dövlətləri Xocalı soyqırımı ilə bağlı petisiyalar, bəyanatlar qəbul etməkdə və faciəni qətiyyətlə pisləməkdə davam edir.
Bütün bunlar, əlbəttə, dövlətimizin qazandığı uğurlardır, lakin bizim ən böyük qələbəmiz odur ki, Müzəffər Ali Baş Komandan və onun qəhrəman Ordusu sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük Vətən Müharibəsi və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün torpaqlarımız erməni işğalçılarından və seperatçılarından təmizlənmişdir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. 30 il müddətində soydaşlarımıza qarşı törədilmiş amansız soyqırımı ilə yaddaşlarımıza həkk olunmuş Xocalıda Azərbaycan bayrağının ucaldılması xalqımızın, dövlətimizin, möhtərəm Prezidentimizin əzminin, qətiyyətinin, haqq-ədalətin ən böyük qələbəsidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov