Yeni Azərbaycan Partiyası Azərbaycanda ictimai-siyasi vəziyyətin son dərəcə ağır günlərində, ölkənin ciddi sınaqlar qarşısında qaldığı bir vaxtda tarixi zərurətdən yarandı. Ölkə ziyalıları xalqı ağır durumdan çıxarmaq üçün yeni bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə onlar peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşmək qərarı verdilər. Tarixə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, böyük bir strategiyanın, parlaq gələcəyin başlanğıcı, bazası idi. Xalqın səsinə səs verən Ulu Öndər bütün maneələrə baxmayaraq böyük bir məsuliyyətin altına girdi. Dahi lider xahişləri nəzərə alaraq yeni yaradılacaq siyasi partiyaya rəhbərliyi öz üzərinə götürdü. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə də müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
YAP Azərbaycanda siyasi sabitliyin, davamlı inkişafın təminatçısı, siyasi plüralizmin, dialoqun təşkilatçısı kimi çıxış etdi. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi və bununla da partiya həyatında yeni mərhələ başladı. Regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr uğurla icra olundu. İlk növbədə ideoloji birliyə nail olundu. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri hər zaman prioritet oldu. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirməyi bacardı. YAP-ın qərarları, konfransları və qurultayları ölkə ictimai-siyasi həyatında böyük hadisə oldu və uzun müddət gündəmdə qaldı.
Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında, ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsində aparıcı siyasi təşkilat kimi YAP-ın ideoloji inkişafı danılmazdır. 44 günlük Vətən müharibəsində partiya həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini təbliğ və təşviq etdi. 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Tarixi Zəfərdən, Vətən müharibəsindən sonra ölkəmizin həyatında baş verən mühüm dəyişikliklər YAP-ın da qarşısında yeni vəzifələr qoydu. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilməsi mühüm önəm kəsb etdi.
Bu təyinat həm də Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü idi. Bu gün güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını saxladığı üçün hakim partiya da öz siyasətini buna uyğun qurur. YAP ölkədə siyasi dialoq mühitini stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olaraq qalır.
Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir: I “Partiyanın inkişafı və uğurları”, II “Siyasi dəyərlər və prinsiplər”, III “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”;
Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub:
Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı
Partiyadaxili münasibətləri xarakterizə edən əsas meyarlar isə bunlardır.
Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmlilik və müasirlik.
Partiyamız bu gün yuxarıda qeyd olunan strategiya və prinsiplər üzrə öz siyasətini olduqca peşəkar müstəvidə həyata keçirir. Bütün bunlar onu göstərir ki, gələcəkdə də YAP ölkəmizin və regionun əsas siyasi platforması olaraq qalacaqdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı