Bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır.
Sabahinfo.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq:
“İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq".
Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri arasında püşkatma keçiriləcək:
"Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır"./Report