Bu ölkələr İranın Azərbaycana dron hücumlarını pislədi - YENİLƏNİB

Fransa səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

"Unikal" xəbər verir ki bu barədə Fransanın Azərbaycandakı səfiri X-də paylaşım edib.

"İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram".

*** 16:30

İordaniya Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri şərh edərkən bildirib ki, Əmman ölkənin suverenliyinin və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması üçün Bakının addımlarını dəstəkləyir.

"Unikal" xəbər verir ki, bu barədə İordaniya XİN bəyanat yayıb.

Nazirlik İranın Türkiyə və Azərbaycana zərbələr endirmək cəhdlərini qətiyyətlə pislədiyini qeyd edib.

"İordaniya iki dövlətin suverenliyinin kobud şəkildə pozulması və regionun təhlükəsizliyi ilə sabitliyinə təhlükə yaradan təhlükəli eskalasiya olan bu hücumları (İran tərəfindən - red.) qəbul etmədiyini və qətiyyətlə pislədiyini vurğulayıb. İordaniyanın qardaş Türkiyə və Azərbaycanla tam həmrəyliyini, öz ölkələrinin suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdıqları bütün addımları dəstəklədiyini bəyan edirik", - qurumdan bildirilib.

***

GUAM-ın Daimi Beynəlxalq Katibliyi İranın döyüş dronlarının Azərbaycan ərazisindəki mülki infrastruktura və obyektlərə nizamsız hücumlarını qətiyyətlə pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə katibliyin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Biz Azərbaycan Respublikasının xalqına və hakimiyyətinə rəğbətimizi və həmrəyliyimizi ifadə edirik. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik və GUAM-a üzv dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən təhdid və çağırışlara qarşı durmaqda vahidik", - məlumatda bildirilib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

***

Küveyt Dövləti İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb.

"Unikal" xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir.

Nazirlik həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

***

Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.

"Unikal" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir.

Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

***

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, - bəyanatda qeyd olunub.

XİN vurğulayıb ki, iki ölkəyə qarşı bu hərəkətlərə heç bir halda bəraət qazandırıla bilməz: “Bu, beynəlxalq qanun və normalara, eləcə də mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olan düşmən yanaşmaya dəlalət edir və regionda vəziyyəti daha da gərginləşdirir.

Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

***

14:27

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.

"Unikal" xəbər verir ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.

Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.

Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.

Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir” fikirlərinə də yer verilib.

“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir”, - açıqlamada qeyd olunub.