"Bu, təkcə xocalıların deyil, bütün azərbaycanlıların sevincidir"

 

"Bu gün çox böyük qürur hissi keçiririk ki, işğal azad olunan rayonlarda sürətli quruculuq və abadlıq işləri aparılır. Artıq bu ərazilərə Böyük Qayıdış başlanıb". Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.
Asif Əsgərli deyib ki, işğaldan azad olunan ərazilərin keçmiş sakinləri öz ata-baba yurdlarında əvvəlki kimi yaşayırlar: "Prezident İlham Əliyev hər dəfə bu ərazilərə gedərkən yerli sakinlərlə görüşlər keçirir. Sonuncu belə görüş mayın 28-də Xocalı rayonunda keçirilib. Dövlətimizin başçısı bu görüşdə yeni evlərin açarlarını yerli sakinlərə təqdim edib. Göründüyü kimi, bütün görülən işlər cənab Prezidentin diqqətindədir. Xocalı sakinləri bu görüşdən çox böyük məmnunluq hissi keçirirdilər. Bunu onların üzlərindəki təbəssümdən görmək olurdu. Onlar Cənab Prezidentlə görüşdə necə sevindiklərini, 30 ildən artıq doğma torpaqlarının həsrətində yaşadıqlarını bildiriblər. Əlbəttə ki, bu, təkcə xocalıların deyil, eyni zamanda bütün azərbaycanlıların sevincidir". 
Politoloq deyib ki, Ali Baş Komandanının düşünülmüş siyasəti ilə ordumuz ərazi bütövlüyümüzü təmin etdi: "Artıq dünya azərbaycanlıları fəxrlə ölkəmizin uğurlarını təbliğ edir. Əlbəttə ki, müstəqil Azərbaycanın ən böyük tarixi uğuru torpaqlarımızın işğaldan azad olunması, Şanlı Qələbənin əldə edilməsidir. Biz buna görə şahid və qazilərimizə mənəvi olaraq borcluyuq".