“Bu tələblər birbaşa beynəlxalq hüquqdan qaynaqlanırdı”

“Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqaməti üzrə  reysi yerinə yetirən hava gəmisinin kənar müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. Qəzadan dərhal sonra Rusiya tərəfindən rəsmi qaydada üzr istənilməsi, günahkarların cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması, Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməsi tələb olundu. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan tərəfinin irəli sürdüyü tələblər birbaşa beynəlxalq hüquqdan qaynaqlanırdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının 2001-ci ildə birinci oxunuşda qəbul etdiyi “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında” Maddələr Layihəsinin 34-cü maddəsində dəymiş ziyanın ödənilməsinin formaları sırasında maddi formada ölçülən, həmçinin itirilmiş mənfəəti nəzərdə tutan kompensasiya və beynəlxalq hüquqa zidd əməlin etiraf olunamsını, rəsmi qaydada üzr istənilməsini və gələcəkdə bu cür hallara yol verilməməsinə təminatı əhatə edən satisfaksiya əksini tapıb.

“Digər mühüm məsələ AZAL aviaşirkətinə məxsus hava gəmisinin qəzaya uğramasında günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılmasıdır və bu kontekstdə 23 sentyabr 1971-ci il tarixli “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönələn qanunsuz hərəkətlər əlehinə mübarizə haqqında Konvensiyada” mühüm əhəmiyyət daşıyır. Azərbaycan həmin Konvensiaya 9 noyabr 1999-cu ildə qoşulub, Rusiya Federasiyası SSRİ-nin beynəlxalq müqavilələrinə hüquqi varisliyi tanıyır və Sovet İttifaqı bu hüquqi sənədi 22 mart 1973 ildə ratifikasiya edib.

Qeyd edilən beynəlxalq müqavilənin 5-ci və 6-cı maddəslərində mülki aviasiyanın təhlükəsizliyinə qarşı cinayət törədən şəxslərin təxirəsalınmadan məsuliyyətə cəlb edilməsi məsələləri əksini tapıb. Məsələnin hüquqi müstəvidə qiymətləndirilməsində “Hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Azərbaycanla Rusiya Hökumətləri arasında” 1993-cü il noyabrın 22-də Moskva şəhərində imzalanmış Saziş əhəmiyyətli xarakter daşıyır. Həmin Sazişin 18-ci maddəsində nəzərdə tutulur ki, Tərəflər beynəlxalq hüquqdan irəli gələn hüquq və öhdəliklərinə uyğun olaraq, mülki aviasiyanın təhlükəsizliyini qanunsuz müdaxilələrdən qorumaq üçün götürdükləri öhdəliyin bu Sazişin ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edirlər. 

Ölkəmizə məxsus hava gəmimsi ilə bağlı məsələdə ardıcıllıq və qətiyyət göstərilməsinin əsasında Prezidentin Azərbaycanın milli maraqlarının qorunmasında, onun mənafelərinin və beynəlxalq nüfuzunun müdafiəsində, vətəndaşlarımızın hüquqlarının etibarlı formada təmin edilməsində nümayiş etdirdiyi sarsılmaz mövqe durur və birmənalı olaraq dövlətimiz bütün lazımi nəticələrə nail olacaq”, - o qeyd edib.