Dövlətin ali qanunvericilik aktı olan Konstitusiya dövlətçiliyin dayaqlarındandır. Bütün dövlət atributları bu sənəddə ifadə edilir.
Konstitusiya hər bir vətəndaşın yerinə yetirməli olduğu qanunlar toplusudur.
Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olan Azərbaycan Demokratik Respublikası dövründə Konstitusiya - Əsas Qanun müxtəlif səbəblərə görə, başlıca səbəb kimi rus imperiyasının ilhaqına görə qəbul edilməmişdi.
Azərbaycanda ilk Konstitusiya 1921-ci il may ayının 19-da qəbul edilib. İdeoloji baxımdan Sovetlər birliyinin ideolioji mahiyyətinə uyğun olmaqla. Bütün müttəfiq respubliklarda olduğu kimi. Belə sənədlər zaman keçdikcə dövlətin siyasi maraqlarına müvafiq olaraq dəyişdirilir, yenilənir. 1925-ci ilin mart ayının 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavələr, dəyişikliklər edildi və 1927-ci il martın 26-da təsdiq olundu. 1937-ci ildə, 1977-ci ildə Konstitusiya yeniləndi. 1978-ci ildə yeni Konstitusiya ilə bağlı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, dövlətçilik tariximizdə neçə yüz illərdən sonra tarixə gətirilən böyük siyasi və mənəvi uğur kimi dəyərləndirilir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edildi. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliklər edilən Konstitusiyamız 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
Bu faktlar Konstitusiya tarixi haqqında məlumatlardır.
Böyük tarixi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlandı. Müstəqil dövlətin dövlətçilik prinsiplərini, xarici və daxili siyasətinin əsas istiqamətlərini əhatə edən bu vacib dövlətçilik sənədi – Əsas Qanun 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın böyük əksəriyyətinin səsi ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.
Belə tarixi sənədlər tarixi hadisə deməkdir, belə tarixi sənədlərin qəbul edildiyi gün tarixi gündür. Ölkə başçısının 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi nəticə kimi qəbul edilən bu Konstitusiya dövlət quruculuğu prinsiplərini dövlətçilik baxımından tarixə istinadən tənzimləyir. O, demokratik inkişafda mühüm sənəd kimi ona istinad edilir, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatının əsas parametrlərinin sənədidir, həm də zaman keçdikcə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Azərbaycan dövlətçiliyinin bərpası prosesi də, bərpasından sonrakı siyasi strukturu da dünyəvi dövlət quruculuğunun hüquqi bazasını yaratdı, inkişaf prosesində təkmilləşdirdi. Bunun nəticəsidir ki, Azərbaycan dünyada demokratik və tolerant dövlət kimi tanınır.
Azərbaycan rus imperiaysının ilhaqından milli-azadlıq hərəkatının vüsəti ilə qurtardı. Müstəqil Azərbaycanın dövlətçiliyi milli ideologiya əsasında formalaşdı. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Dünyəvi proseslrdə yaxından iştirak etmək də ölkənin Əsas Qanunu ilə tənzimlənir. Bu baxımdan ölkə başçısının tövsiyəsi ilə müxtəlif dövrlərdə Konstitusiyaya əlavələr və dəyişikliklər də edilir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olundu. Bu dəyişikliklər əsaslı dəyişikliklər idi və dövrün tələblərinin nəticəsi olaraq həyata keçirilmişdi. Ölkənin sosial-iqtisadi bazasının güclənməsi belə dəyişikliklərə şərait yaradır. Bu dəyişikliklər həm də vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir...
Konstitusiyamız dövlətimizin Əsas Qanunudur və hər bir vətəndaş Əsas Qanunun bütün tələblərini yerinə yetirməyə borcludur. Hər birimiz Konstitusiya ilə müəyyənləşdirilmiş hüquqların vətəndaşıyıq. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan böyük Zəfər də Konstitusiyamızın tələblərinin yerinə yetirlməsinin mənəvi nəticəsidir. Bu Zəfər də Konstitusiyaya, dövlətçiliyə sədaqətin Zəfəridir ...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı