Ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Havadarlarının siyasi, maddi və hərbi köməyindən istifadə edən Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədi, BMT də işğalçı Ermənistana təzyiq göstərmirdi, işğalçını da, torpağı işğal olunanı da sülhə çağıran bəyanatlar verirdi. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədi, həll etmək istəmədi. Bu səbəbdən də danışıqlar nəticəsiz qalırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq. Bu qətiyyətli fikir də işğalçı Ermənistanı niyyətindən çəkindirmədi...
İkinci Qarabağ müharibəsinə kimi Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda formalaşan və dinamik inkişaf edən hərbi sənaye müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal etməyə başladı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın da hərbi məhsulları nümayiş etdirilir. Bu iqtisadi nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etməkdə böyük imkanlar yaratdı. Azərbaycan Ordusu bu imkanlar ilə daha da gücləndi...
Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikir Azərbaycan dövlətinin məqsədinin ifadəsi kimi tarixləşmişdi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.
Ermənistanın ordu hissələri Azərbaycanın ərazilərinə hücumlar edirdi, Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə daha geniş miqyasda hücum etdi. Düşmən iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından intensiv atəş aparırdı. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində ölənlər və yaralananlar oldu.
Müharibənin ilk günü “Ohanyan səddi”ni darmadağın edən Azərbaycan ordusunun hissələri döyüşə-döyüşə mövqe qələbələri qazandı.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu əməliyyat bütün cəbhəni əhatə edirdi. Hücum əməliyyatının ilk saatlarında ordu hissələrimiz tank bölmələrinin, raket-artilleriya qoşunlarının bölmələrinin, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını məhv etdi.
Əks-hücum əməliyyatı üç istiqamətdən - Ağdam-Tərtər, Murovdağ və Füzuli-Cəbrayıl istiqamətlərindən həyata keçirildi. Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad edilməsi ilə Ağdərə-Vardenis avtomobil yolu Azərbaycan Ordusu hissələrinin nəzarəti altına keçdi. Döyüşlərin ilk günündən həm pilotsuz uçuş aparatları ilə, həm də raket-artilleriya qüvvələri ilə bölgədə yerləşdirilmiş erməni hava hücumundan müdafiə vasitələri və radio-elektron mübarizə vasitələri məhv edilirdi. Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirdiyi hava hücumundan müdafiə qüvvələrinə məxsus hərbi texnikanın yarıdan çoxu məhv edildi, ordumuz hava məkanında üstünlük qazandı.
Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbələri ordumuzun tam qələbəsinin başlanğıcı bilirdi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında yaralılarla görüşündə dövlət başçımız bildirdi ki, “Azərbaycan öz torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında ölür”. Bu kəlamlar dövlətlə dövlətin, ordu ilə ordunun, əsgərlə əsgərin müqayisəsi fonunda bir gerçəkliyin ifadəsi oldu, dünya dövlətləri bu kəlamın gerçəkliyini etiraf etdilər.
Ordumuz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdı. Sonralar müharibə iştirakçıları xatırlayırdı ki, bütün döyüşçülər Şuşa uğrunda gedəcək döyüşlərdə iştirak etmək niyyətində idi. Hətta bu döyüşün iştirakçısı olmaq məqsədi ilə yaralandığını gizlətmək istəyənlər də çox olub. Azərbaycan Ordusu Şuşa uğrunda döyüşlərdə də möhtəşəm qələbə qazandı. Bu qələbə dünyanı heyrətləndirdi. “Nezavisimaya Qazeta”da dərc edilən bir məqalə də bu baxımdan tarixdir: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Bu məqalə dünya müharibələr tarixinin bəlkə də ən nadir təsvirlərindən biridir.
Şuşa oktyabr ayının 8-də işğaldan azad edildi. Bu qələbə müharibənin həlledici döyüşü oldu. Düşmən Şuşadan qaçmaqla müharibəni uduzduğunu etiraf edirdi. İki gün müqavimət döyüşləri olsa da düşmən məğlub oldu. Üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu.
Bəyanata əsasən Ermənistanın ordu hissələri Ağdamı, Kəlbəcəri və Laçını müqavimətsiz tərk etdi.
Bu Bəyanat İkinci Qarabağ müharibəsinin şərti sonluğu oldu. Ermənistan ordusunun hissələri və Ermənistanın iradəsinin icraçıları olan silahlı dəstələr Xocalıya, Əsgərana, Xankəndinə çəkilmişdi, təxribatlarını davam etdirirdi. Bunun qarşısını almaq üçün 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıldı. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük, ən əhəmiyyətli hərbi-siyasi qələbə oldu.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə Azərbaycan 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına başladı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13-də müvafiq şərtlər altında lokal xarakterli antiterror əməliyyatının dayandırılması barədə razılıq əldə olundu. Bu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.
“Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qüruru İkinci Qarabağ müharibəsinin tarixi əhəmiyyətinə verilən ən böyük mənəvi-hərbi dəyərdir...
Tarixi Zəfərdən sonra Azadlıq Meydanıda, antiterror əməliyyatından sonra Xankəndidə keçirilən paradlar Azərbaycan Ordusunun qalibiyyətinin tarixi ifadəsi kimi izlənildi.
İndi Bakı şəhərində Zəfər Parkı var. Bu park Azərbycan Ordusunun şücaətinə, gücünə, qüdrətinə ad edilmiş ehtiramdır...
Bu Zəfər tarixə bir işıq oldu!..
Səbinə Xasayeva,
Milli Məclisin deputatı