Budapeştdə gənclər forumu

Aprelin 17-də Azərbaycan Respublikasının Gənclər Fondu və Macarıstandakı səfirliyimiz tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş gənclər forumu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Eötvöş Mədəniyyət Mərkəzində keçirilən forumda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin, Macarıstana akkreditə olunmuş diplomatik korpusun və Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin nümayəndələri, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan və Moldova diplomatik nümayəndəliklərinin rəhbərləri, elmi-akademik dairələrin, siyasi partiyaların və KİV təmsilçiləri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ümummilli Liderin Türk birliyinin formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyi qeyd edilib. Səfir Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli strategiyanın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük qələbənin məhz bu uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Gənclər Gününün təsis edilməsinin əhəmiyyəti, eləcə də Ulu Öndər tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti barədə söz açıb. O, təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin digər Türk dövlətlərinin gənclər təşkilatları ilə həyata keçirilən əməkdaşlığa dair tədbir iştirakçılarına məlumat verib.

Forumda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolu barədə söhbət açıb. C.Feyziyev Ümummilli Lider tərəfindən həyata keçirilən siyasətin türkdilli xalqların birliyinə verdiyi töhfə ilə bağlı ətraflı məlumat verib, müəllifi olduğu “Türk dünyası” kitabı və Türkdilli dövlətlərin müasir dünya siyasətində aparıcı rolu haqqında fikirlərini bölüşüb.

Türkoloq Mariya Keneşi Azərbaycanla Macarıstan arasında təhsil sahəsində hələ SSRİ dövründə əsası qoyulmuş əməkdaşlıq barədə təəssüratlarını paylaşıb.

C.Feyziyevin müəlliflik etdiyi “Türk dünyası” kitabını macar dilinə tərcümə etmiş M. Keneşi bu kitabın türk xalqlarının ortaq tarixi və əməkdaşlıq perspektivlərinə dair zəngin məlumatları əhatə etdiyini diqqətə çatdırıb.

Daha sonra, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli və Macarıstanda rəsmi qeydiyyata alınmış gənclər təşkilatı olan Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının prezidenti Ramil Şükürov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin gənclər siyasətindəki mühüm rolu barədə danışıblar, eləcə də təmsil etdikləri təşkilatların fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Forum Bakı Media Mərkəzinin materialları əsasında hazırlanmış, Ümummilli Liderə həsr edilmiş qısa sənədli filmlə yekunlaşıb.

Rəsmi hissədən sonra ziyafət təşkil olunub.