“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” təqdim edilən hesabat xarakterli layihəni uğurlu hesab etmək olar. Hesabat 2022-ci ildə dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, ölkəmizdə formalaşmış makroiqtisadi mühiti, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları əhatəli şəkildə özündə əks etdirir.” Bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevaya məxsusdur. Deputat hesab edir ki, ötən ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi geosiyası və geoiqtisadi müstəsna qlobal gərginliyin yaranmasının səbəbi olaraq pandemiya məhdudiyyətlərinin yumşalması fonunda yaşanan inflyasiya təzyiqləri qlobal əmtəə qiymətlərinin kəskin yüksəlişini şərtləndirmişdir. Nəticədə dünya bazarında enerji daşıyıcılarının proqnozlarda nəzərdə tutulduğundan daha yüksək həddə çatması ölkədə ÜDM-in həcminin nəzərdə tutulduğundan çox olmasına, iqtisadi fəallığı artıra biləcək infrastruktur layihələrinə əlavə investisiyaların yönəldilməsinə, qeyri-neft sektorunda iqtisadi artımı təmin etməsinə öz töhfəsini vermişdir.
“2022-ci ildə ölkəmizin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və “Böyük Qayıdış”ın təşkili istiqamətində işlərin sürətlə davam etdirilməsi, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman va fiziki infrastruktur layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, kənd təsərrüfatının stimullaşdırılması, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət vəzifələrindən irəli gələn tədbirlərinin icrası üçün tələb olunan məbləğdə maliyyə təminatı yaradılmışdir.”Sosialyönümlü xərclərin 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini təşkil etdiyini xatırladan K.Nurullayevanın sözlərinə görə, bu göstərici 2021-ci il ilə müqayisədə 12,4 faiz çoxdur.
“Təhsil bölməsinin 2022-2025-ci illər üçün tərtib edilmiş strateji planında ölkəmizdə müstəqil və yaradıcı düşünən vətəndaşın formalaşdırılması, yüksək ixtisaslı kadrların hazırlanması kimi məqsədlər qarşıya qoyulmuş və bu məqsədlərə çatmaq üçün "məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının təmin edilməsi", "ümumi təhsil proqramı üzrə təhsilalanların həyata və ali təhsilə hazırlanması", "peşə təhsili və təlimi sahəsində fasiləsiz öyrənmənin təmin olunması,, peşə təhsilinin əhatə dairəsinin və keyfiyyətinin artırılması", "orta ixtisas təhsili sahəsində fasiləsiz öyrənmənin təmin olunması" və s. kimi 31 strateji hədəf müəyyən olunmuşdur. 2022-ci ilin dövlət büdcəsindən sözügedən 31 strateji hədəfin icrası məqsədilə 17 proqramın, 25 subproqramın və 111 tədbirin həyata keçirilməsi üçün 3 696,5 milyon manat məbləğində vəsait yönəldilmişdir.”
Deputat bildirib ki, 2022-ci il dövlət büdcəsindən funksional təsnifata uyğun olaraq elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə proqnoza nisbətən 0,8 faiz az vəsait istifadə olunmuşdur. Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün 2021-ci ildə 80,0 milyon manat, 2022-ci ildə 22,0 milyon manat, cəmi ötən 2 il ərzində dövlət büdcəsindən Təhsil Tələbə Kredit Fonduna ayrılmış 102,0 milyon manat vəsait hesabına hazirda cəmi 12600 nəfərə, o cümlədən 4700 nəfərə (37%) sosial, 7900 nəfərə (63%) standart təhsil tələbə krediti verilmişdir.
Hesabat ilində əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı bir sıra mühüm qararlar qəbul olunmuşdur.K.Nurullayeva hesab edir ki, dövlət maliyyəsinin idarə edilməsi, büdcə sənədləşməsinin keyfiyyətinin yüksəldilməsi, büdcə hesabatlılığı illik Hesabatda dəqiq və dolğun şəkildə nəzərə alınmışdır.