"Bütün hədəflərimiz reallıqda öz əksini tapır"

“Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması, yeniləşməni, modernləşməni həyata keçirdiyi siyasətin əsası kimi qəbul etməsi  işğaldan azad edilmiş ərazilərimizdə bərpa, quruculuq işləri çərçivəsində həyata keçirilən  layihələrdə də özünün aydın ifadəsini tapır. Belə ki, dövlət başçısı İlham Əliyevin “Ağıllı şəhər” və “Ağıllı kənd” strategiyasına uyğun olaraq atılan addımlar bir daha ölkəmizin gücünün və qüdrətinin, hansı imkanlara malik olmasının təqdimatıdır.  Oktyabrın 17-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri çərçivəsində    Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihənin   gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcəyi planlaşdırılır. Birinci mərhələdə 450, sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur. Bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq. Göründüyü kimi, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bu, artıq reallıqdır. Zəngilanda birinci “ağıllı kənd”in inşası başa çatmaqdadır. Tezliklə Ağalı kəndi sakinlərini qarşılayacaq, soydaşlarımızın Böyük Qayıdışı başlayacaq.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Füzuli rayonuna səfəri çərçivəsində təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə, eyni zamanda, Füzuli şəhərinin təqdim olunan baş planına diqqət yetirdikdə  bir daha bu ümumiləşdirməni aparırıq ki, hazırda bütün işğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır: “Dövlətimizin uğurlu siyasəti nəticəsində qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olunur, vətəndaş amili prioritetliyini qoruyur. Bərpa və quruculuq işlərində vətəndaş məmnunluğunun artırılmasına nə qədər önəm verildiyi özünü qabarıq şəkildə büruzə verir.”

Millət vəkili onu da əlavə edib ki, azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür: “Bu da öz növbəsində  son illər dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına  dəstək olacaq. Soydaşlarımızın bu torpaqlara Böyük Qayıdışı ərazilərimizin  malik  olduğu potensialdan səmərəli istifadəni təmin edəcək və  Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaq.”

“Qürurvericidir ki, bir ildir cənab İlham Əliyev qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə səfər edir, Qarabağımızın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir,  müəyyən obyektlərin yenidən bərpa olunduqdan sonra  açılışında, həmçinin təməlqoyma mərasimlərində iştirak edir, şəhərlərin baş planı təqdim olunur” söyləyən Malik Həsənov qeyd edib ki,  Ağdam, Şuşa, Cəbrayıl şəhərlərinin ardınca Füzulinin baş planı təqdim edildi: “Cənab İlham Əliyev digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının  hazırlandığını bildirdi. Bu mühüm məqamı da qeyd etdi ki, ölkəmiz bütün bu işləri   heç kimdən asılı olmayaraq, öz vəsaiti hesabına reallaşdıracaq.”

“Möhtərəm Prezidentimizin Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışı Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrün təqdimatında əhəmiyyətli rola malikdir. Ölkə Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərdən bəhs edərkən bu reallığa da diqqəti yönəltdi ki, bunları həyata keçirmək   üçün, əlbəttə,  ötən illər ərzində möhkəm təməl yaradıldı. Torpaqlarımızı azad etmək üçün iqtisadi və siyasi müstəqilliyimiz təmin edildi, ordumuz gücləndirildi,  postmüharibə dövründə quruculuq, bərpa işlərini həyata keçirmək üçün  texniki imkanlar,  kadr potensialı və maliyyə resursları yaradıldı. Azərbaycanın iqtisadiyyatı daim davamlı inkişafı ilə diqqətdədir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən  qeyri-neft sektorunun inkişafı hədəflərə yüksək səviyyədə nail olmağa əsaslar yaradır. Cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Həmçinin cənab İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı dövlətimizin sosial-iqtisadi siyasətinin prioritetlətinə bir daha işıq salır. Bütün planlarımız  həyatda öz əksini tapacaq, Dövlət başçısının böyük inamla qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”,- deyə millət vəkili  bildirib.