Bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir

Məşhur Məmmədov,
Millət vəkili


İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın çıxışı bir sıra mətləblərə aydınlıq gətirdi, ölkəmizin iqtisadiyyatı barədə söylənən fikirlər qürurumuzu daha da artırdı. İlin 6 ayı geridə qalıb. Yarım il ərzində həm siyasi, həm də iqtisadi hadisələri analiz etdikdə aydın görmək olur ki, cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Ölkəmiz kifayət qədər nüfuzlu tədbirlərə ev sahibliyi etdi və tədbirlərdə öz tələblərinin irəli sürülüb müsbət rəylər almasına nail oldu. İlk növbədə, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir.

Azərbaycan Qoşulmama Hərəkatının inkişafına böyük töhfələr verib. Bunlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bu, bir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir.

Müşavirədə xarici siyasətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur barədə söz açan Prezident İlham Əliyev
vurğulayıb ki, bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Aparılan işlər hamısı yüksək xərc tələb edir, dövlət hesabına aparılır. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi ilə hər kəsə nümayiş edilir. Qısa müddətdə görülən işlər bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Görülən işlərin mənbəyi dövlət büdcəsidir.

Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

Cənab Prezident Ermənistanın bugünkü qeyri-müəyyən mövqeyinə də toxunaraq bildirdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Bunun yeganə səbəbi isə məhz Ermənistanın hələ də öz öhdəliklərinin icrasından boyun qaçırmasıdır. İlk növbədə 2020-ci ildə imzalanmış 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulması nəzərdə tutulub ki, bu günə qədər bu imkan yaradılmayıb. Zəngəzur dəhlizinin açılması isə sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlərdən biridir. Bundan başqa, son vaxtlar Ermənistan tərəfindən yenidən hansısa status haqqında fikirlər səsləndirilməyə başlanıb. Halbuki, status məsələsi ümumiyyətlə müzakirə olunmayacaq və artıq çoxdan gündəmdən çıxarılmış mövzudur. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan özü üçün faktiki kapitulyasiya aktı olan 10 noyabr Bəyannaməsini imzalayarkən Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə bundan sonra ümumiyyətlə toxunulmayacaq.

Prezident İlham Əliyevin dediyi kimi, status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli bir məsələdir və bu kimi çıxışlar qarşı tərəfi daha böyük fəlakətlər qarşısında qoya bilər. Son zamanlar aparılan hərbi təlimlər göstərir ki, Azərbaycanın güclü ordusu var, Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Xalq da hər zaman Prezidentinin, Dövlətinin, Ordusunun arxasındadır.

Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmək istəyən dövlətlər bunu yaddan çıxarmasın! Azərbaycan sülhsevər dövlətdir, hər zaman danışıqlara açıqdır. Danışıqlar fayda verməzsə, Ermənistan unutmasın ki, Dəmir Yumruq yerindədir!