“Vətəni Sevək!” layihəsi uğurla başa çatdı

Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi (GSTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Vətəni Sevək!” layihəsinə yekun vurub. Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə, 1 fevral – 30 aprel 2015-ci il müddətini əhatə edən layihənin icra müddətində ümumilikdə 497 yeniyetmə və 14-29 yaş arası gənclər, eyni zamanda orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və kollec tələbələri üçün Sabirabad və Saatlı rayonlarında təlimlər təşkil edilib.

Layihənin icrası zamanı 497 nəfər gənc birbaşa olaraq maariflənib, həmçinin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli atributlarımızın, tariximizin unudulmaması, gənclərimizin vətənpərvərlik hisslərinin oyadılması istiqamətində təbliğat işi aparılıb. Ümumilikdə "Vətəni Sevək!” layihəsi Sabirabad rayonunun 6 məktəbini əhatə edib. Təlimlər rayondakı 1, 2, 3, 4, 5 və 8 saylı tam orta məktəblərdə keçirilib. Hər bir tədbirdə 10 təlim keçirilməklə 20-25 nəfərin iştirakı ilə maarifləndirmə seminarları baş tutub. 250 nəfərin iştirak etdiyi təlimdə bildirilib ki, məqsəd Azərbaycanın tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənclər arasında təbliğ etmək, onları Vətəni sevməyə ruhlandırmaqdır.

"Vətəni Sevək” layihəsi çərçivəsində həmçinin eyniadlı inşa yazı müsabiqəsi də keçirilib. Saatlı rayonu üzrə 6 məktəbdən 43 inşa yazısı təqdim edilib, bunların arasından 3 ən yaxşı inşanın müəllifi qalib seçilib. Belə ki, I yerə N. Nərimanov adına 2 saylı tam orta məktəbin şagirdi Şəfa Hümbətova, II yerə N. Gəncəvi adına 5 saylı tam orta məktəbin şagirdi Zümrüd Haqverdiyeva, III yerə isə S. Vurğun adına 3 saylı tam orta məktəbin şagirdi Vüsalə Əlizadə layiq görülüblər. Layihənin icrası Saatlı rayonunda da baş tutub. Rayonun 6 şəhər və kənd məktəblərini əhatə edən layihə çərçivəsində hər bir tədbirdə 10 təlim olmaqla maarifləndirmə seminarları keçirilib. Eyniadlı yazı müsabiqəsi bu rayonun məktəb şagirdləri arasında da keçirilib, 7 məktəb üzrə 14 inşa yazısı təqdim edilib.

Nəticələrə əsasən, Qaracalar kənd orta məktəbinin şagirdi Aytəkin İsmayılova I, Varxankənd tam orta məktəbinin şagirdi Günel Mirzəzadə II, Əlisoltanlı kənd orta məktəbinin şagirdi Yusif Əliquliyev isə III yerə layiq görülüblər.


Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərdə Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Saatlıdakı Heydər Əliyev Mərkəzinin rəhbəri Əzizağa Quliyev də fəal iştirak edərək öz köməkliklərini əsirgəməyiblər.