Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti İşçi Qrupu yaradıblar.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, turizm ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla, ÜDM-nin artım dinamikasında özünəməxsus yer tutur:
"Bu baxımdan, ölkənin gəlmə turizm imkanlarının genişləndirilməsi və xarici turistlər üçün əlverişli şəraitin yaradılması kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında danışıqlar aparılıb, ortaq fəaliyyətə dair İşçi Qrup yaradılıb. Yaradılmış işçi qrupunun ilk toplantısı keçirilib, görüşdə bir neçə məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə edilib”.
Razılığa əsasən "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliği aparılacaq.
Eyni zamanda xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərindəMədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları”nın ortaq milli stendlə iştirakı həyata keçiriləcək, hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə ediləcək, 2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçiriləcək.
Razılığa görə, hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılacaq (küçə və ictimai reklam, dövrü nəşrlərin dəstəklənməsi, elektron marketinq fəaliyyəti və s.).
Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib. Yaxın müddət ərzində 2016-cı il üzrə Mədəniyyət və Turizm Nazirliyi ilə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planının həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.