Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüblər. Bu barədə Modern.az-a Yazıçılar Birliyinin katibi Rəşad Məcid məlumat verib. O bildirib ki, AYB Ağsaqqallar Şurası və onun sədri, xalq şairi Nəriman Həsənzadə bir neçə ay bundan əvvəl müdafiə naziri Zakir Həsənovla görüş üçün məktub göndərmişdi. Yazıçıların imzaladığı həmin məktubun nəticəsi əsasında görüş gerçəkləşib.
"Aprel hadisələrindən sonra yazıçılarla Müdafiə Nazirliyinin əlaqələrinin möhkəmləndirilməsi məsələsi gündəmdə idi. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvləri, katiblər və bir sıra digər yazarlar Müdafiə Nazirliyində olduq. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla yazıçıların görüşü keçirildi. Zakir Həsənov bildirdi ki, belə bir görüşü o da arzulayıb. Biz Müdafiə Nazirliyində bir sıra məlumatlar əldə etdik. Nazirlə səmimi söhbət oldu. Əvvəla onu deyim ki, bəzi təsəvvürlər var ki, nazir mətbuata qapalıdır, soyuq bir məmur təsiri bağışlayır. Amma görüşün ilk anlarından müşahidə etdik ki, nazir çox səmimi, bir vətəndaş kimi, vətənpərvər bir insan kimi dolu bir insandır və yazıçılarla belə görüşün olmasını çox arzulayıb. Görüşün çox gecikmiş bir görüş olduğunu söylədi. Dedi ki, bu görüş əvvəllər baş tutmalı idi”.