Millət vəkili Cavanşir Feyziyev Şəki rayonunun Sarıca və Qayabaşı kəndlərində seçicilərlə görüşüb. Sarıca kəndinin sakinləri kənddə bağça binasının olmamasını, Mədəniyyət evinin təmirə ehtiyacı olduğunu bildirirblər. Sakinlər tərəfindən qaldırılan məsələlərdən biri də kənd əhalisinin məşğulluğu ilə bağlı olub. Əkin üçün yararlı olan 3000 hektar bələdiyyə və 2,5 hektar dövlət torpaqlarının özəl bir şirkət tərəfindən icarəyə götürüldüyünü bildirən kənd sakinləri həmin şirkətdə işlə təmin olunmaq istədiklərini bildiriblər. Kənd sakinlərindən biri əlillik dərəcəsinin təyin olunması ilə bağlı süründürməçiliklə üzləşdiyini bildirərək bu problemin həll olunmasında köməklik göstərilməsini xahiş edib.
Deputat qaldırılan məsələlərin həlli üçün müvafiq addımların atılacağını bildirib.
Daha sonra Qayabaşı kəndində keçirilən görüşdə vətəndaşlar susuzluqdan əziyyət çəkdiklərini bildirdilər. Kəndin ərazisində su mənbəyinin 200 m dərinlikdə olduğunu bildirən sakinlər alternativ olaraq Mığdısı dağında kənddən 5 km məsafədə açıq su mənbəyinin olduğunu və həmin ərazidən kəndə içməli suyun gətirilməsi üçün köməklik göstərilməsini xahiş etdlər.
Millət vəkili ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin həyata keçirilməsindən danışıb. Vətən müharibəsi iştirakçılarına, əlillərinə və şəhid ailələrinə göstərilən qayğı haqqında məlumat verən deputat bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının icrasının da ölkə başçısının diqqət mərkəzində olduğunu bildirib, seçki dairəsinin müxtəlif ərazilərində su və qaz təminatının yaxşılaşdırılması, eləcə də elektrik təminatı şəbəkəsinin yenidən qurulması haqqında danışıb.
Millət vəkili qaldırılan məsələlərlə bağlı müvafiq icra strukturları ilə məsləhətləşmələr aparılacağını qeyd edərək, avqust ayında yenidən seçicilərlə görüşə gələcəyini bildirib.