Cavid Osmanov qazi və şəhid ailələri ilə görüşüb

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaşda şəhid ailələri və qazilərlə görüş keçirib.

C.Osmanov Vətən müharibəsində yaralanaraq ayağını itirən qazi İsayev Ayxan İlqar oğlunun evini ziyarət edib, onun və ailə üzvlərinin problemləri ilə maraqlanıb.

Milli Məclisin deputatı, eyni zamanda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhidlik zirvəsinə ucalan mayor Mayılov Emil Şahid oğlunun Ağdaş şəhərində keçirilən yas mərasimində də iştirak edib, ailə üzvlərinə başsağlığı verib.

Gürcüva kəndində şəhid Hacıyev Murad Eynulla oğlunun, Tofiqi kəndində şəhid Əliyev Elşad Mehman oğlunun, Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Raqif oğlunun və Ağdaş şəhərində şəhid Məmmədov Elvin Eldəniz oğlunun ailə üzvləri ilə də görüşən C.Osmanov onları onları narahat edən məsələlərin həllində köməklik göstərəcəyini deyib.

Görüşlər zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.