2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun rayonun Əliqasımlı və Üçtəpə kəndlərində seçicilərlə görüşləri keçirilib.
YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Bu, xalqımızın iftixar mənbəyi və dövlətimizin qüdrətinin ifadəsidir. Qürurla qeyd etmək lazımdır ki, Azərbaycana misilsiz qələbələr bəxş edən Heydər Əliyev yolunun zirvə nöqtəsi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, öz gücünü bütün dünyaya nümayiş etdirməsidir”.
Görüşlərdə Razi Məmmədov, Lütvəli Quliyev, Vahid Ağayev, Natiq Kazımov, Qurbanxan Diniyev, Adil Hüseynov, Ramil Yarıyev, Əmrah Quliyev, Tofiq Niftiyev və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.