Cənubi Qafqaz riskli bölgə olaraq qalmaqdadır - Deputat

“Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaması və bunu uzatması nəticəsində Cənubi Qafqaz riskli bölgə olaraq qalmaqdadır. Bu isə bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradan amildir. Çox təəssüflər olsun ki, Ermənistan hələ də bölgədə dayanıqlı sülhün, inkişafın və qarşılıqlı regional əməkdaşlığın yaranması istiqamətində real addımlar atmaqdan yayınaraq destruktiv mövqe sərgiləməkdədir. Hesab edirəm ki, Azərbaycan və Gürcüstanın birgə səyi nəticəsində Ermənistanı konstruktiv mövqe sərgiləməsinə nail olmaq olar”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin yekunlarını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasındakı əlaqələr strateji tərəfdaşılıq münasibətləri xarakteri daşıyır: “İki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Bu gün Azərbaycan Gürcüstanın inkişafına və onun təhlükəsizliyinə öz ciddi töhfəsini verir. Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləyir. Tərəflər ərazi bütövlüyünün pozulması qəbuledilməz hesab edir”.

Deputat əlavə edib ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliiynin təmin etməsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığın təmin edilməsi istiqamətində yaxşı bir fürsət yaranıb: “Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü, 19 sentyabr antiterror tədbrilərindən sonra isə ölkə ərazisində suverenliyini bərpa etməsi bölgədə tamamilə ilə yeni reallıq yaradıb. Bu reallıq bölgədə dayanıqlı sülhə, inkişafa və sıx inteqrasiya olunmuş əməkdaşlıq üçün yeni-yeni imkanlar açır. Cənab Prezidentin də bəyan etdiyi kimi, Ermənistan ortaya siyasi iradə qoyub konstruktiv mövqe sərgiləyib Azərbaycanla sülh sazişi imzalayarsa, o zaman Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bu, bölgənin sürətli sıx inteqrasiya olunmuş əməkdaşlığına şərait yaradacaq. Ermənistan iqtisadiyyatı bölgə ölkələrinin iqtisadiyyatına inteqrasiya olunmaqla üzləşdiyi böhrandan çıxıb yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu nə qədər tez olsa yaxşı olar. Nə qədər ki, İrəvan destruktiv mövqe sərgiləyib sülhdən qaçırsa, o vaxtadək Ermənistanın inkişafından danışmağa dəyməz. Artıq region ölkələrinin üçtərəfli sıx əməkdaşlığı üçün münbit bir şərait yaranıb və bu şansı əldən vermək olmaz və bu böyük səhvi və məhvi olar. Nəhayət, bölgədə düşmənçiliyə son verilib sülh əldə edilməsi üçün çox gözəl şərait yaranıb və bundan maksimum faydalanmaq lazımdır. Cənab Prezident də bəyan edib ki, Azərbaycan ölkələrin ərazi bütövlüyünə hörmət edilməklə sülh sazişinin imzalnmasına və bu məqsədlə Gürcüstanın da iştirakı ilə iki və üçtərəfli görüşlər keçirməyə hazırdır. Əgər Ermənistan bu fürsətdən faydalanıb sülh imzalayarsa, o zaman yaranacaq yeni siyasi şərait bölgənin sürətli inkişafına təkan vermiş olacaq”.