Azərbaycanla Ermənistan arasında 44 gün davam etmiş müharibə, ölkəmizin tarixi Zəfəri Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə qlobal dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da yeni reallıqlar yaratdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Tarixi ədalət bərpa olundu.
Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlarının toqquşmasına tuş gəlib. Beynəlxalq güclər həmişə regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh həmişə həssas olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında xəbis rolu vardır.
Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradırİşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur.
Reinteqrasiya prosesi intensiv şəkildə davam edir. Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər;
Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub.
Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.
Keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.
Əminə Ağazadə
Milli Məclisin deputatı