“Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərin, verdiyi müsahibələrin hər biri, müxtəlif mövzular ətrafında plenar iclaslarda iştirakı və sair kimi biri-birindən mühüm hadisələr Azərbaycanın, ölkə Prezidentinin nüfuzunun təqdimatı oldu. Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Cənab İlham Əliyevin builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunan az sayda dövlət başçıları sırasında olması Lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzuda və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun nümayişidir. "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas yeni reallıqların hansı formada qəbuluna işıq saldı. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Bu iclas bir daha Azərbaycanı sülh gündəliyinin müəllifi kimi təqdim etdi. Dövlət başçısı İlham Əliyev plenar iclasın mövzusuna uyğun olaraq Azərbaycanın regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması təklifindən geniş bəhs etdi. Sualları çavablandırarkən diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldən cənab İlham Əliyev bildirdi ki, Ermənistan 27 il Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Ölkəmiz Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdi. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Azərbaycan onun dondurulmadığını sübut etdi.”
Bu fiirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimiz yeni reallıqlar yaradıb. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclas göstərdi ki, bəziləri bu reallıqla barışmaq istəmir: “Azərbaycan dövləti ilk gündən bu çağırışı etdi ki, dünya bu reallıqları qəbul etməyə məcburdur. Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər qurumun bu məsələyə xüsusi diqqət göstərməsi Azərbaycanın ədalətli mövqeyinin, haqq mübarizəsinin və qalibiyyətinin təsdiqi və qəbuludur. Dövlət başçısı İlham Əliyev təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdi. Builki görüşdə iştirakçıların say tərkibinin genişliyi gündəlikdə olan məsələyə marağın göstəricisi idi. Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Keçirilən plenar iclasda səsləndirilən suallar fonunda Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələsinin aktuallığı və iştirakçıların bu məsələyə marağı dövlət başçısı İlham Əliyevin “Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi” fikirlərində bir daha özünün aydın ifadəsini tapır. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü əsasında Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüş də ölkəmizin haqqın, ədalətin yanında olduğunu nümayiş etdirdi. Dövlət başçısı bu görüşdən sonra televiziya kanallarına müsahibəsində belə bir əminliyi ifadə etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ədavət dövrünün arxada qalması mümkün olacaq.”
Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
“Münxen Təhlükəsizlik Konfransının builki görüşü ölkəmiz üçün mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, bu gün həqiqətləri gizlətmək, yaxud da təhrif etmək mümkün deyil. İnformasiya dünyası dövründə yaşayırıq. Qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar ciddi qəbul edilmir. Azərbaycanın mövqeyi birmənalıdır. Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxmalıdır”,- deyə Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, dünya növbəti dəfə Azərbaycanın haqqın, ədalətin, sülhün, Ermənistanın isə yalanın, ədalətsizliyin yanında olduğunu gördü. Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyasının təsdiqi olduğunu inkar etməklə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması istəyini açıq-aydın nümayiş etdirdi.