Nəsib Məhəməliyev: "İran daxilində, hansısa etnik qrupa muxtariyyət verilərsə, ilk növbədə, sayca ən çox olan türklərin maraqları nəzərə alınmalıdır"
Nəhayət ki, gözlənilən hadisələr baş verdi. İrana qarşı hərbi əməliyyatların ikinci dalğasına start verildi. Ali dini lider başda olmaqla bir neçə yüksək rütbəli İran rəsmisi raket zərbələri nəticəsində məhv edildi. Qarşılıqlı zərbələr və hərbi əməliyyatların davam etməsi yerləşdiyimiz coğrafiya üçün də arzuedilməz sayıla bilər. Bəs görəsən İrana qarşı əməliyyatın Cənubi Qafqaza hansı təsirləri ola bilər? Ümumiyyətlə, proseslərin sonucu necə görünür. Bu və ya digər suallarla Newscenter.az Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət edib.
-Nəsib müəllim, İrana qarşı başlanan hərbi əməliyyat regionumuza, nə vəd edir?
-İstənilən müharibə, nə müharibə edən ölkələrə, nə də ki, qonşulara yaxşı heç nə vəd etmir. İran, 30 milyondan çox soydaşımızın yaşadığı ölkədir. Hər şeydən əvvəl onların taleyi hər birimizi narahat edir.
-Bəs, Azərbaycana istər siyasi, istərsə də iqtisadi və humanitar baxımdan nə kimi mənfi təsirləri ola bilər?
-Siyasi, iqtisadi, humanitar baxımdan, Azərbaycana, eləcə də bütövlükdə Yaxın Şərq regionuna təsirlərinin necə olacağı, müharibənin nəticəsindən asılıdır. Hesab edirəm ki, hazırki vəziyyətdə Prezident İlham Əliyevin əvvəlcədən müəyyənləşdirdiyi strategiya özünü tam doğruldur. İran, ABŞ hərbi bazalarının yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərini, Qətəri, Küveyti, Bəhreyni, Səudiyyə Ərəbistanını, Suriyanı, İraqın Ərbil bölgəsini vurdu. Bu siyahıda biz də ola bilərdik. Əslində, bu da anlaşılan deyil. Paradoksal olsa da, molla rejimi, müharibənin əleyhinə olan dövlətləri də atəşə tutdu. Son aylar, qardaş Türkiyə, bəzi körfəz ölkələri ABŞ ilə intensiv danışıqlar aparır, müharibənin qlobal təhlükəsizliyə təhdidlər yaradacağı, ciddi fəsadlar törədəcəyi barədə xəbərdarlıq edirdilər. Maraqlıdır, belə bir kritik vəziyyətdə Körfəz ölkələrinin atəşə tutulması, nəyə və kimə xidmət edir.
İqtisadi baxımdan, İranla illik ticarət dövriyəmiz cəmi 672 milyondur. Müsbət saldo İrana məxsusdur. Biz bu ölkəyə cəmi 2 milyon dəyərində məhsul ixrac edirik. Ona görə də, ciddi iqtisadi təsirlərdən danışmağa dəyməz.
Humanitar təsirlərə gəldikdə isə, müharibə uzun müddət çəkərsə və yaxud İsrail-ABŞ qüvvələri tərəfindən yaşayış məntəqələri tamamilə dağıdılarsa, Güney Azərbaycandan olan soydaşlarımızın sərhədlərimizə toplanması ehtimalı ola bilər. Müharibənin ilk iki günü göstərdi ki, İsrail-ABŞ qüvvələri daha çox İranın nüvə obyektlərinin, raket arsenalının, siyasi-hərbi rejimin rəhbərliklərinin məhv edilməsinə fokuslanıblar. Yəni kütləvi qaçqın prosesi müşahidə olunmur. Allah eləməmiş, soydaşlarımızın yurdlarından dudərgin düşməsi, ciddi sosial problemlər yarada bilər.
-Sizcə İranın ali dini lideri başda olmaqla bir neçə yüksək rütbəli rəsmisinin öıldürülməsi ilə proses başa çatacaq, yoxsa gərginlik hələ irəlidədir?
-Ali dini liderin, yüksək rütbəli hərbçilərin öldürülməsi ilə proses başa çatmayacaq. Onları başqaları əvəz edəcək. Onları da qətlə yetirsələr, yeniləri təyin olunacaq. Ötən il baş vermiş 12 günlük müharibədən, İran rəhbərliyinin çıxardığı nəticələrdən biri də odur ki, hər bir yüksək vəzifəli öz yerinə namizədlər hazırlamalıdır. Onlar artıq belə bir mexanizm hazırlayıb, təsdiq ediblər. ABŞ-İsrail rəhbərlikləri, əsas məqsədlərinin rejimin tamamilə dəyişdirilməsi olduqları barədə bəyanat veriblər. Mənə elə gəlir ki, İranın daxilindən dəstək olmasa, qısa zaman kəsiyində rejimin dəyişməsinə nail olmaq çətin olacaq. İran mürəkkəb dövlətdir. Düşünmürəm ki, xaricdən İran xalqının qəbul etmədiyi kimisə rahatlıqla vəzifəyə oturda bilsinlər. Hətta, Xamaneyinin əleyhdarlarının belə, kiminsə kənardan təyin olunmasına razılaşmaları sual doğurur. Düşünürəm ki, İran asanlıqla təslim olmayacaq və əsas gərginlik irəlidədir. İran, maksimum 10-12 gün təzyiqlərə davam gətirə bilsə, müttəfiqlərin resursları tükənə bilər. ABŞ kifayət qədər uzaq məsafədə yerləşir və itkilərin yerini doldurmaq üçün vaxt lazım olacaq. Əlavə olaraq, İrana Çin dəstək verə bilər. Artıq Çin başa düşür ki, əsas hədəf özüdür və İrana nə lazımdırsa verəcək. Əgər Çin, eyni zamanda Rusiya da prosesə qoşularsa, vəziyyət əhəmiyyətli dərəcədə mürəkkəbləşə bilər. Bir daha təkrar edirəm, çox şey İran cəmiyyətinin özünü necə aparmasından asılıdır.
-Sizcə mövcud situasiyada Azərbaycan hansı addımları atmalıdır?
- Azərbaycan rəhbərliyi, şəxsən cənab Prezident, Məsud Pezeşkianla telefonla danışığında bir daha əmin etdi ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir əməliyyatın keçirilməsinə icazə verilməyəcək. Daha əvvəl xarici işlər nazirimiz də həmkarı ilə əlaqə saxlamışdı. Təbii ki, belə bir çətin vəziyyətdə, İlham Əliyev kimi liderin, qonşu dövlətə göstərdiyi siyasi, mənəvi dəstəyin əhəmiyyəti son dərəcə böyükdür. İranda baş verənlər, hökumətimiz tərəfindən diqqətlə izlənilir, dövlət və milli maraqlarımızın, təhlükəsizliyimizin qorunması üçün lazım olan tədbirlər görülür.
Bütün bunlarla yanaşı, siyasi partiyaların, ictimai təşkilatların, ümumiyyətlə vətəndaş cəmiyyəti institutlarının güneyli həmkarları ilə sıx təmas qurmaları çox yaxşı olardı. Ancaq, İranın dövlət idarəetmə sistemi o dərəcədə mürəkkəb, ümumbəşəri dəyərlərdən uzaqdır ki, ən sağlam fikirləri belə, süngü ilə qarşılayırlar. Burada, cənublu soydaşlarımız daha çox təşəbbüskarlıq göstərməli, proseslərin müşahidəçisi olmamalıdırlar. Daha doğrusu, tarixi məsuliyyəti dərk etməlidirlər. Hazırki vəziyyətdə, ABŞ və İsrail İranın parçalanmasında maraqlı deyillər. Ancaq, İranın şimal-qərbində, İraqın şimalında olduğu kimi, kürdlər üçün muxtar qurum yaradılması planlaşdırılır. Müharibənin özəlliklərindən biri də, sürprizlərdir. Ona görə də, soydaşlarımız ayıq-sayıq olmalı, tarixi şansdan yararlanmağı bacarmalıdırlar. İndiki halda, onlar üçün ən yaxşı variant İranın ərazi bütövlüyü çərçivəsində muxtariyyət əldə etməkdir. Məsələ, beynəlxalq təşkilatların və region dövlətlərinin qarşısında qəti şəkildə qoyulmalı, ictimai rəy formalaşdırılmalıdır. İran daxilində, hansısa etnik qrupa muxtariyyət verilərsə, ilk növbədə, sayca ən çox olan türklərin maraqları nəzərə alınmalıdır.