Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri Meriçel Batetlə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb:

“Xarici işlər naziri Bayramov ilə İspaniya Deputatlar Konqresinin sədri Meriçel Batet arasında Azərbaycan-İspaniya ikitərəfli münasibətlərinin geniş spektri və regional vəziyyətə dair məhsuldar müzakirə aparılıb”.

16:29

Xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov son 30 il ərzində Azərbaycan-İspaniya diplomatik münasibətlərinin dostluq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulduğunu, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq perspektivləri olduğunu vurğulayıb. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Nazir post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib.

Senatın sədri Ander Xil Qarsiya xarici işlər nazirinin səfərinin, diplomatik akademiyalar arasında memorandumun imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Səfər zamanı keçirilmiş ikitərəfli görüşlərin siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli olduğu qeyd edilib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində əməkdaşlıq üzrə razılaşmanın icrasına İspaniyanın da alternativ enerji resurslarının inkişaf etdirilməsi baxımından töhfə vermək imkanlarının olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, Azərbaycan Milli Məclisinin Sədrinin 2021-ci ildə Madridə səfəri xatırlanıb və Qoşulmama Hərəkatının parlament şəbəkəsinin yaradılması qərarının məhz Madriddə verildiyi bildirilib.

Daha sonra ikitərəfli gündəlikdə duran məsələlər, regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

15:23

İspaniyanın paytaxtı Madriddə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin senatının sədri Ander Gil ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.