Ermənistan konstitusiyasında davam edən ərazi iddiaları sülh prosesə əsas maneçilik törədən amildir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iBöyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi ilə telefon danışığı zamanı deyib.
Məlumata görə, tərəflər danışıq zamanı ilk olaraq iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı durumunu müzakirə ediblər.
Britaniya naziri 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı verib. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov isə başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan XİN başçısı isə bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb.
Telefon danışığı gedişatında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.