Dünya Azərbaycanlıları “Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi olan mart soyqırımını heç vaxt unutmayacaq. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Ümumiyyətlə, bölgədə Azərbaycan xalqına qarşı faciələrin əsası 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi ilə qoyuldu. Sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanıldı. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. 105 il əvvəl 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri on minlərlə azərbaycanlını qətlə yetirib,soydaşlarımızı öz torpaqlarından qovublar. “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Prezident Sərəncamında da qeyd olunduğu kimi, “üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.
Mart qırğınları Cənubi Azərbaycanda da davam etdirilib.
Ermənilər 105 il əvvəl törətdikləri bu cinayətləri son 30 illikdə də eyni xislətlə davam etdirdilər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərinin, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin növbəti sübutudur.
Azərbaycan xalqına qarşı Sovet dövründə törədilən vəhşiliklər I Qarabağ müharibəsi zamanı- Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel faciələri ilə davam etdirildi.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin qadağan olunmuş silahlarla vurulması, yəni ağır müharibə cinayətləri dünyanın gözü qarşısında baş verib.
100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi qələbəmiz dayandırdı.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində fundamental işlər aparılır.
Təsadüfi deyil ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilmiş soyqırım, deportasiya və təqib siyasətinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılıb. Bekəliklə, tarixi faktlarda beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulan cinayət əlamətlərinin olduğu təsdiqlənir. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, xüsusi amansızlıqla qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Bu faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir.