COP29-un keçirilməsinə 10 gün vaxt qalıb. Azərbaycan BMT-nin bu nüfuzlu tədbirinə ev sahibliyi etməyə tam hazırdır və hazırlıq işləri də artıq son mərhələdədir. Amma bəzi qərəzli dairələr öz çirkin niyyətlərindən əl çəkməyərək, COP ərəfəsində qarayaxma kampaniyasını davam etdirir. Təəssüf ki, ölkəmizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi bu gün də davam edir.
Dövlət başçımız da bəyan etmişdi ki, “bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq”. Cənab Prezidentin də bəyan etdiyi kimi, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı da artmaqdadır. COP-u siyasiləşdirməklə diqqəti ekoloji problemlərdən yayındırmaq cəhdləri müşahidə edirik.
Təəssüf ki, bu gün Azərbaycana qarşı aparılan çirkin kampaniyaya sapı özümüzdən olan baltalar da qoşulub. Bu gün ölkənin siyasi səhnəsində özünə yer tapa bilməyənlər, heç bir elektoratı olmayan məkrli çevrələr Qərbdəki havadarlarının dili ilə danışırlar. Bu qərəzli dairələr COP29 kimi böyük tədbirə ev sahibliyi etməyin ölkəmizin dünya miqyasındakı nüfuzundan xəbər verdiyini həzm edə bilmirlər. Üstəlik, COP29 gündəliyində 14 böyük təşəbbüs var və bu təşəbbüslərin hər biri iqlim dəyişikliyilə mübarizədə mühüm rol oynayacaq. Azərbaycan ev sahibi kimi səmərəli platforma təşkil edəcək.
COP29-un ev sahibliyinin bizə həvalə edilməsi, yekdilliklə verilən dəstək ilk növbədə Azərbyacan Prezidentinə olan etimadın göstəricisidir. Bu etimadı Azərbaycan lider ölkə kimi həyata keçirdiyi uğurlu siyasət nəticəsində qazanıb. Dünya liderlərinin Azərbaycana toplaşması, BMT kimi nüfuzlu qurumun öz humanitar tədbirini Azərbaycanda keçirməsi dünya azərbaycanlıları üçün fəxrdir.
Bu uğurları görməmək qərəz və riyakarlıqdan başqa bir şey deyil. Təəssüfləndirici məqam isə budur ki, ölkəmizə qarşı qarayaxma kampaniyasında sapı özümüzdən olan baltalardan alət kimi istifadə olunur.
Amma heç bir çirkin kampaniya Azərbaycanın iradəsinə təsir edə bilməz. Əsas məsələ budur ki, Azərbaycanın COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Azərbaycan ev sahibi kimi iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verəcək.
Könul Nurullayeva
Milli Məclisin deputatı