Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcmaya içməli su xətlərinin çəkilməsi” mikrolayihəsi nəticəsində Kürdəmir rayonunun Çöhranlı kəndində illərdir davam edən içməli su problemi aradan qaldırılıb. Rayon mərkəzindən 11 km məsafədə yerləşən və 305 ailənin (1270 nəfərin) yaşadığı Çöhranlı kəndində indiyədək daimi içməli su mənbəyi olmayıb. Sakinlər içməli suyu ya su maşınları ilə pulla alır, ya da suvarma kanallarından gələn bulanıq suları müxtəlif üsullarla duruldaraq içməyə yararlı hala gətirirdilər.
Çöhranlı Bələdiyyəsinin verdiyi məlumata görə, hər ailə həftə ərzində orta hesabla 5-ton içməli suya görə 15 AZN, ayda isə təxminən 60 AZN vəsait xərcləyirdi. Ümumi götürdükdə kənd üzrə hər il 79 300 m³ suya 237 900 AZN vəsait ödənilirdi. Bu isə hər ailə üçün illik orta hesabla 780 AZN əlavə xərc demək idi. Bu vəziyyət kənd əhalisi üçün həm maddi yük, həm də sağlamlıq riski yaradırdı.
Layihə çərçivəsində kəndin 285 fərdi evinə rayon magistral xəttindən 17 410 metr uzunluğunda içməli su xətti çəkilib və hər ev sayğacla təmin olunub. Layihə 24 oktyabr 2024-cü ildə istismara verilib, 5 noyabr 2024-dən isə su kənd sakinlərinin istifadəsinə təqdim olunub. Hazırda sayğac göstəricilərinə əsasən kənd əhalisi artıq 17 000 m³ içməli sudan istifadə edib. Yeni sistem sayəsində sakinlər suyun hər tonuna cəmi 0,60 AZN ödəyir. Beləliklə, əvvəlkindən 2,40 AZN qənaət əldə olunur ki, bu da ailə büdcələrinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Bundan başqa, layihə qadınların içməli su daşımaq üçün sərf etdiyi vaxtı və fiziki əziyyəti aradan qaldırıb, kənddə yaşayış keyfiyyətini və sosial rifahı artırıb.
“Ümid” SİD İB-nin “Suvarma və içməli su” layihəsi çərçivəsində həyata keçirilən bu təşəbbüs, bölgədə ekoloji və sosial dayanıqlığın güclənməsinə, kənd icmalarının həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.