"Azərbaycan Respublikası COP 29 beynəlxalq iqlim konfransında uğurla iştirak edərək öz dayanıqlı inkişaf strategiyasını və iqlim diplomatiyası sahəsindəki nailiyyətlərini dünya ictimaiyyətinə təqdim etdi. Ölkəmiz, xüsusilə bərpa olunan enerji, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlıq istiqamətində atdığı addımlarla qlobal səviyyədə nümunə olmağa davam edir.
COP 29 çərçivəsində Azərbaycan, Şərq-Qərb enerji dəhlizinin rolu və yaşıl enerji konseptinə verdiyi töhfələrlə diqqət çəkdi. Bu, təkcə milli miqyasda deyil, həm də qlobal enerji keçidində Azərbaycanın strateji mövqeyini daha da gücləndirdi. Həmçinin Azərbaycanın təşəbbüsü ilə təşkil olunan müzakirələrdə region ölkələrinin ekoloji əməkdaşlığını dərinləşdirən yeni platformaların qurulması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanın gəncləri, qeyri-hökumət təşkilatları və "Gənclərin Töhfəsi" İctimai Birliyi kimi qurumlar iqlim dəyişiklikləri ilə mübarizə və ictimai maarifləndirmə sahəsində xüsusi rol oynayırlar. Gənclərin iştirakı ilə həyata keçirilən layihələrdə əsas məqsəd, iqlim məsələlərinə dair məlumatlılığı artırmaq və daha ekoloji məsuliyyətli cəmiyyət qurmaqdır.
Azərbaycan dünyaya bir daha göstərdi ki, iqlim diplomatiyasında həm müasir texnologiyaların tətbiqi, həm də ənənəvi biliklərə əsaslanan yanaşmaların birləşdirilməsi mümkündür. Biz inanırıq ki, ölkəmizin bu istiqamətdəki liderliyi qlobal səviyyədə daha geniş tanınacaq və regiondakı digər dövlətlər üçün də stimul olacaqdır.
"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri olaraq, gənclərimizin bu sahədə fəallığını xüsusi qeyd etmək istəyirəm. Gələcək nəslin bu istiqamətdə təhsili, təşəbbüslərə cəlbi və qlobal müzakirələrdə iştirakı Azərbaycanın iqlim diplomatiyasına böyük töhfədir. İnanırıq ki, COP 29-un nəticələri yalnız bugünkü deyil, gələcək nəsillərin də həyatına müsbət təsir göstərəcəkdir."