Culfa rayonunda Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş olub

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Culfa rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib.

Tədbiri Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransının muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Qeyd edilib ki, konfransda partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Qadir İbrahimov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən də danışıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolu olub. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 51 ərazi partiya təşkilatını özündə birləşdirir. Təşkilatın 5801 partiya üzvü var ki, onlardan 1655 nəfərini məhz gənclər təşkil edir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxışında diqqətə çatdırıb ki, muxtar respublikada gənc nəslin yetişdirilməsi, intellektual potensialının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.

Vurğulanıb ki, Təşkilatın üzvlərinin 23 min 285 nəfərini gənclər təşkil edir. Məhz həmin gənclər öz potensialları ilə Birliyin işinə də öz müsbət töhvələrini verirlər. Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi tədbir və layihələr, gənclərin könüllü fəaliyyəti üçün yaradılan şəraitdən söz açılıb və qeyd olunub ki, naxçıvanlı gənclərin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsi Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bildirilib ki, birlik gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlayır, bu istiqamətdə davamlı tədbirlər və layihələr icra olunur.

Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Sonra Gənclər Birliyinin sədr müavini Elvin Əliyevin və rayon gənclərinin fikirləri dinlənilib.

Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.