Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tabeliyində fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələrinin alınması üzrə 3 satınalma həyata keçirib.
Sabahinfo.az xəbər verir ki, satınalmaların ümumi maliyyə həcmi 9 milyon 550 min 278 manat 95 qəpik təşkil edir.
Bir mənbə metodu ilə reallaşdırılan satınalma çərçivəsində "Megavet" LLC ilə məbləği 2 milyon 277 min 578 manat 95 qəpiklik müqavilə bağlanıb. Şərtlərə görə, dabaq xəstəliyinin A, O, Asiya-1, SAT-1 və SAT-2, eləcə də A, O, SAT-1 və SAT-2 variantlarına qarşı peyvəndlərin təmin edilməsi nəzərdə tutulub. Müqavilə 5 noyabr 2026-cı ilədək icra ediləcək.
Digər iki satınalma isə açıq tender metodu ilə keçirilib və qalibi "EPİDBİOMED" MMC olub. Bu tenderlərdən birinin dəyəri 3 milyon 452 min 800 manat, digərinin həcmi isə 3 milyon 819 min 900 manat təşkil edir. Satınalmalar çərçivəsində dabaq xəstəliyinin A, O, SAT-2 və A, O, Asiya-1, SAT-2 ştammlarına qarşı peyvəndlərin təmin edilməsi nəzərdə tutulur. Bu müqavilələrin icrası isə 28 oktyabr 2026-cı il tarixinədək davam edəcək.