Daha bir gəmiyə şəhidin adı veriləcək - VİDEO

"Palmali"nin növbəti gəmisi Şəhid Vüsal Aslan oğlu Məhərrəmovun adını daşıyacaq.

Sabahinfo.az bildirir ki, "Palmali Holding"in sahibi Mübarız Mənsimov şəhidin ailəsinə zəng edərək, xəbəri şəxsən verib, xeyir-duasını aldıqdan sonra qısa zamanda İstanbula dəvət ediləcəklərini vurğulayıb.

Şəhidlərimizin adını daşıyan hər gəmidə onların həyat və döyüş yollarını əks etdirən foto və videomateriallar ilə zəngin bir otaq olur. Orada şəhidlərimizin uşaqlıq illərindən cəbhə bölgəsində olduğu vaxta qədər olan dövrü əhatə edən şəkillər qoyulub. Mübariz Mənsimov hazırlıq görülməsi üçün şəhid ailəsindən şəkilləri istəyib.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Vüsal Məhərrəmov 1979-cu il dekabrın 10-da Masallı rayonunun Hışgədərə kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. Vüsal Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məhərrəmov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.