Xəbər verdiyimiz kimi, Qazaxıstan prezidentinin Azərbaycana səfəri əsnasında iki dövlətin prezidenti arasında Şuşa və Türküstan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokol imzalanıb.
Maraqlıdır, iki dövlət arasında belə bir protokolun imzalanması Şuşanın beynəlxalq aləmdə tanıdılması, onun türk dünyasındakı mövqeyinin güclənməsi, bütövlükdə, türk xalqları arasında əməkdaşlığın, mənəvi bağlılığın artırılması, mədəni əlaqələrin genişləndirilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Şuşa və Türküstan şəhərləri arasında qardaşlma əlaqələrinin qurulmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Şuşa ilə Türküstan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokolun imzalanması tarixi hadisədir və Azərbaycan və Qazax xalqları arasında mədəni əməkdaşlığın inkişafına təkan verəcək, türk dünyasında hər iki şəhərin daha geniş şəkildə tanınmasını şərtləndirəcəkdir. Şuşa, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş və növbəti illərdə Türk Dünyasının və İslam Dünyasının mədəniyyət paytaxtı elan olunacağı gözlənilir. Hesab edirəm ki, beynəlxalq miqyasda tanınmış, zəngin tarixi, mədəni irsə sahib Şuşa kimi şəhərlə qardaşlaşma münasibətlərinin qurulması, istənilən digər şəhərlər üçün ən gözəl reklamdır. Mədəni əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlığın sürətlənməsi, turizmin inkişafı, ümumiyyətlə qardaş xalqların bir-birinin mədəniyyətindən bəhrələnməsi ilə nəticələnəcəkdir.
Digər tərəfdən, regional müstəvidə Şuşanın müxtəlif şəhərlərlə əməkdaşlıq etməsi, siyasi baxımdan son dərəcə əhəmiyyətlidir. Ən azından ona görə ki, Qarabağ xanı Pənahəli xanın əsasını qoyduğu qədim Şuşanı ermənilər unutmur, geri qaytaracaqları barədə cəfəng təbliğatlarını davam etdirirlər. Təbii ki, Azərbaycan hökuməti tərəfindən, qısa müddət ərzində həyata keçirilən infrastruktur layihələri, təmir-bərpa işləri, müxtəlif festivallar, mədəni-kütəvi-siyasi tədbirlər Şuşa şəhərini dostlar üçün doğmalaşdırır. Yeni nəfəs gətirir. Düşmənlər üçün isə, eyni sürətlə uzaqlaşdırır, əl çatmaz yüksəkliyə qaldırır.
Necə deyərlər; Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”.