Danışa-danışa ölən, alışa-alışa sönən adam

Qollarım dolanar boynuna bir gün,

Yenə baş qoyaram dizinə, Təbriz.

Həsrətdən, hicrandan cana doymuşam,

Yenə baş qoyaram dizinə, Təbriz…

Araz kənarında böyüyən, hər gün gözü tikanlı məftillərə ilişib qalan, nənəsindən-babasından ayrılıq hekayətlərini dinləyən bir uşaq üşün bu misralar çox yaxındır, iliyinə qədər işləyir. Yeniyetməlik çağlarımda bu misralar mahnıya döndü, ən sevimli nəğmələrimdn biri oldu, beynimdə tikanlı məftillərin şəkli, dilimdə bu nəğmənin zümzüməsi ilə ərsəyə çatdım.

O vaxt bu misraların müəllifini yaxından tanımırdım, amma yeniyetməlik marağı ilə axtarıb tapdım, oxudum, öyrəndim ki, bu misralar doğmalarının, torpağının, vətəninin həsrətindən yanıb-qovrulan bir qadının, o həsrəti yaşayan hər kəsin qəlbindən qopan hayqırtısıdır. Ürəkdən kağıza süzüldüyü üçün bu qədər təsirlidir.

Zaman keçdi Hökumə Billurini yalnız televiziyadan, qəzetdən deyil, həyatda tanıdım, müsahib oldum. “Ədəbiyyat qəzeti” üçün hazırladığım müsahibədə  o yanğı birlikdə yaşa dönüb gözlərimizdən süzüldü.

“Xalq əmanəti” layihəsinin ərsəyə gətirdiyi Hökumə Billuri xəzinəsinin təqdimatında bu şirin göz yaşlı xatirələri yenidən yaşadım.  Bu gün Hökumə xanımın kitabının təqdimatında Təbrizlilərin də iştirakından çox sevindim, çünki onun ruhunun sevindiyini duydum.

“Xalq Əmanəti” layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. 2023-cü il may ayının 26-da şairin “Seçilmiş əsərləri” kitabı Bakıda Xalq Bankın Əsas binasında geniş ictimaiyyətə təqdim olundu.

Layihənin rəhbəri Rafiq Həşimov tədbiri idarə etmək üçün sözü akademik Nizami Cəfərova verdi. Nizami Cəfərov Hökumə Billurini şəxsən tanıyan, qələm yoldaşı olan şəxs kimi onun həyatından, yaradıcılığından, düşüncə və arzularından söz açıb adının, soyadının mənasına qədər izah verdi.

Sonra kitabın ərsəyə gəlməsində əmək sərf edən redaktor Səlim Babullaoğlu kitab üzərində işindən, Hökumə xanımın külliyatının dövrün tələbi olmasından, zamanla ayaqlaşmasından bəhs etdi.

Ədəbiyyatşünas Seyfəddin Hüseynli cənub mövzusunun ədəbiyyatımızda inikasından və bu yöndə Hökumə Billurinin xidmətindən danışdı. Bir sözlə, hamının çıxışı eyni mahiyyətə, eyni fikrə bərqərar oldu. Hökumə Billuri bütöv Azərbaycan ədəbiyyatının şairidir, bu gün də, sabah da eyni maraqla oxunması təbiidir.

Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri II Dünya müharibəsi illərində, Sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əslində onun ictimai-siyasi fəaliyyəti hələ uşaqlıqdan içində cücərirdi. Bəzən onlar poetik yaradıcılıq nümunəsi-şeirlər kimi qələmindən süzülür, bəzən də dilindən həmfikirlərinə ötürülürdü. Sonralar o cücərtilər böyüdü, toxumlar dərs dediyi uşaqların qəlbinə səpildi.  Onun aktiv fazaya keçməsi isə zamanın tələbi idi. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, sonra mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışır Hökumə xanım.

1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir. Sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır. Milli qüvvələrin 25 min nəfərdən artıq nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir. Mütərəqqi və demokratik ruhlu insanlar, azadlıq hərəkatının düşüncə üzvləri  amansız təqiblər üzündən mühacirət etməli olur. Ölkəni bir tərəfini tərk edib, onu azadlığa qovuşdurmaq arzusu ilə digər tərəfinə pənah gətirənlər arasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.

Bakıda 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-də Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə, “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, Filologiya Elmləri Namizədi alimlik dərəcəsini alır.

Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Yaradıcılığa başlaması isə hələ orta məktəb illərinə təsadüf edir. Cənubda onlar işıq üzü görmürdü.  Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.

“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və  “Məhəmmədhüseyn Şəhriyar”  (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.

Hökumə Billuri həm də tərcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.

Yeni nəşrdə ustad Şəhriyarın Billuriyə “Hökumə can” adlı şeirini əks etdirən nadir əlyazması da yer alıb. Ustad yazır:

HÖKUMƏ CAN

Sən vətəndən sarı qəlbin döyünürsə, maralım,

Vətənin də maralından sarı qəlbi döyünür.

                                   Təbriz, Abanmah

                               1365 Şəmsi (1986 Miladi)

Məhəmmədhüseyn Şəhriyar

1984-cü ildə Hökumə Billuri Əməkdar incəsənət xadimi, 1998-ci il mayın 23-də isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Hökumə Billuri tanınmış şərqşünas Məmmədbağır Qəmbəri ilə ailə qurub. Bu nigahdan Elnaz və Cahangir adlı iki övladı dünyaya gəlib. 22 noyabr 2000-ci ildə xanım Billuri Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Bakıda Xalq Bankın əsas binasında keçirilən Hökumə Billurinin “Seçilmiş əsərləri” kitabının təqdimatına görkəmli şair və yazıçılar, tərcüməçilər, şərqşünaslar və digər ziyalılar dəvət edilmişdi. Çıxış edənlər nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğu və Azərbaycanın ədəbi tarixinin dəyərli dövrünü əks etdirdiyini qeyd etdi, həmçinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığına diqqət çəkdi, eyni zamanda “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışdılar.

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin demək olar bütün şeirlərinin toplandığı ən müfəssəl “Seçilmiş əsərləri” təqdim edilir.

Hara getsə, hara baxsa, yalnız vətənini görmək, xatırlamaq, kiminlə görüşsə, danışsa, öz vətəndaşının qoxusunu almaq, hansı nöqtədə və hansı fəsildə yaşasa belə, həmin fəslin “öz doğma vətənində yaşadığı ilk nüsxəsini” hiss etmək keyfiyyətilə həqiqi şair-vətəndaş örnəyi olan Hökumə Billurinin şeirləri bədii-estetik məziyyətləri ilə XX əsrin ikinci yarısında milli şeirimizdə önəmli yer tutur.

Bütün yaradıcılığı həsrətdən qaynaqlanıb azadlıq arzusunda sonuc tapan Hökumə Billurinin “Məni Astaraya apar, ay, Xəlil” şeirini xatırlayıram. Bütün istəyi, yanğısı əks olunub o şeirdə, məsləkdaşı, qələmdaşı Xəlil Rzaya ünvanlanan bu şeir əslində dünyaya ünvanlanıb.

Daha bir şeirində yazır:

Mənə qələm, kağız ver, əzizim,

Ölümün addım səslərini eşidirəm çoxdan.

Ölümüm də həyatım kimi

Qəribə olacaq, inan.

Çalışa-çalışa,

Danışa-danışa

Öləcəyəm.

Alışa-alışa

Sönəcəyəm.

Bütün alışa-alışa sönənlərin ruhuna ehtiramla bir az da “Xalq əmanəti” layihəsi barədə danışım, çünki bu layihə o insanları yaşadır.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqları, dünyanın böyük muzeyləri, kitabxanaları, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Ramilə Qurbanlı

   

image-xb-xalq-emanati_01

image-xb-xalq-emanati_02

image-xb-xalq-emanati_03

image-xb-xalq-emanati_04