Bu günə qədər Azərbaycanda istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 5 milyon manatdan artıq əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Xatırladaq ki, ölkə prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və ötən ilin noyabr ayından istifadəyə verilib. Bu günə qədər vergi orqanlarına vətəndaşlar tərəfindən 6 005 müraciət daxil olub, 2 001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait ödənilib.
Müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olur. Bu səbəbdən, müraciət etməzdən əvvəl vətəndaşlara onlara xidmət göstərən banklarla məlumatların dəqiqləşdirilməsi, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə nağdsız qaydada ödənişlər edilərkən Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsindən edilməsi tövsiyə olunur. Çünki bu yolla edilmiş müraciətlərin yoxlanılması və vəsaitlərin qaytarılmasına daha az vaxt sərf edilir.