Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 14-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun "Qobu Park" yaşayış massivində məskunlaşmış laçınlı seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Partiyanın parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.
Çıxış edən deputatlığa namizəd Rövşən Muradov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının qarşıya qoyduğu vəzifələrdən danışıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Knyaz Məmmədov, rayon sakini İbrahim Məmmədov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Laçınlı seçicilərlə də görüş keçirib.