Davamlı zəfərlərə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədov  seçicilərlə görüş  keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev YAP-ın xalqın inamını qazanaraq ümumxalq partiyasına çevrildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün seçicilərin səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inandığını qeyd edib.

Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan söz açıb. O, YAP-ın seçki platforması barədə ətraflı məlumat verərək vurğulayıb ki, qarşıdan gələn parlament seçkilərində seçicilər ona etimad göstərib səs verərlərsə, onların etimadını hər zaman doğruldacaq və layiqincə təmsil edəcək. Həmçinin işğaldan azad edilən ərazilərdə abadlıq-quruculuq işlərinin sürətlə davam etməsindən danışan M.Məmmədov ölkəmizin uğurlu siyasi-iqtisadi və sosial islahatları barədə danışaraq dövlət başçısının rəhbərliyi ilə bundan sonra da davam etdiriləcəyini bildirib.

 O, seçiciləri fəal olmağa, onları dövlətimizin davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədlərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Fəxrəddin Baxışov, Dilbər İbayeva, Sədəf Nəcəfova, Gülay Əhədova və başqaları  qarşıdan gələn parlament seçkilərində YAP-ı dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, M.Məmmədov rayonun Göyəçöl və Hüseynhacılı kəndlərində seçicilərlə məhəllə görüşləri də keçirib.